Ev təsərrüfatları uçotu kitabının baza hissəsinin dürüstləşdirilməsi mövzusunda seminar keçirilib
16 yanvar 2023 | 20:11
Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Ev təsərrüfatları uçotu kitabının baza hissəsinin dürüstləşdirilməsi” mövzusunda seminar keçirilib. Seminarda Göygöl Rayonu İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Göygöl şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndə və müavinləri iştirak ediblər.
Seminarda mövzu ilə bağlı çıxış edən Göygöl Rayonu İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Aydın İsmayılov qeyd edib ki, ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər ilin yanvar ayı ərzində məsul şəxslər tərəfindən şəhər, qəsəbə, sahə və kənd inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquqi və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir. Müvəqqəti yaşayan şəxslərin siyahısı (2 №-li forma) hər il yanvarın 1-i vəziyyətinə tərtib edilir və bütün il boyu müvafiq qeydlər aparılır.
Təsərrüfata daxil olan və ya çıxan, vəfat edən, yeni doğulan, təhsilə başlayan və ya bitirən, pensiya hüququ qazanan, hərbi xidmətə və ya xaricə gedən, qeydiyyat ünvanını dəyişən, mülkiyyətində və ya istifadəsində olan torpaq, nəqliyyat vasitəsi, ev heyvanı, tikililərinin sayı və ya ölçüsü dəyişilmiş təsərrüfatlarda sistemə müvafiq düzəlişlər edilməlidir. Sistemə düzəlişlər edilərkən I-V bölmələr üzrə 23.12.2022-ci il tarixində Mərkəzi icra hakimiyyəti qurumlarının məlumatı ilə ev təsərrüfatlarına işlənmiş məlumatlar arasında mövcud olan uyğunsuzluqlara xüsusi diqqət yetirilməlidir.
Bu sənədlərin heç birində qaralama və əlavələrə, habelə xüsusi qeyd yazılmadan hər hansı bir düzəlişlərin aparılmasına yol verilmir. Hər hansı bir düzəliş və ya dəyişiklik üçün ev təsərrüfatlarının uçotu kitabının “Əlavə məlumatlar” hissəsinə xüsusi qeyd yazılmalı və həmin qeyd şəhər, qəsəbə, sahə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin, yaxud həmin işlərin aparılmasına məsul olan şəxsin imzası ilə təsdiq edilməlidir. Təsərrüfatbaşına uçot sənədlərinin doldurulması zamanı karandaşdan istifadəyə yol verilmir və bütün qeydlər yalnız diyircəkli qələmlə aparılmalıdır.
Seminar sual-cavab formatında keçirilib.