“Dini radikalizmlə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Göygöl Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Göygöl rayon MKS-nin oxu zalında mədəniyyət işcilərinin iştirakı ilə təşkil olunub.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov tədbiri giriş sözü ilə açaraq bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri barədə məlumat verərək bunların qarşısının alınması üçün cəmiyyətin bütün üzvlərinin əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndəsi Orxan Seyidov çıxışında radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verib və bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. O, radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək, Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.