“Dini radikalizmlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
26 oktyabr 2022 | 17:28
25 oktyabr 2022-ci il tarixində Göygöl Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin və Göygöl Gənclər Evi SXM -nin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Göygöl Peşə məktəbinin kollektivinin və gənclərin iştirakı ilə təşkil olunub.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov tədbiri giriş sözü ilə açaraq dini radikalizm və onun fəsadları barədə məlumat verdi. O, dini radikalizm və ekstremizmlə mübarizədə cəmiyyətin bütün üzvlərinin əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrini bildirdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndəsi Orxan Seyidov çıxışında dini radikal və ekstremist meyillərin tarixi, təbliğatı, hədəf kütlələri və fəsadları barədə tədbir iştirakçılarını maarifləndirərək, bu kimi neqativliklərdən qorunmaq naminə dövlətin həyata keçirdiyi tədbirlərdən məlumat verib. O, radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Göygöl Gənclər Evi SXM -nin direktoru Şəhriyar İsmayılzadə yeniyetmə və gənclərin dini radikalizm, eləcə də ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsini qeyd edib.
Göygöl Gənclər Evi SXM-nin psixoloqu Bəsti Rəhimova çıxışında bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizmlə mübarizədə təhsilin və milli-mənəvi dəyərlərin əhəmiyyətini vurğulayıb.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.