“Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
23 fevral 2023 | 15:25
Göygöl Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl şəhər 3 saylı tam orta məktəbinin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər dini radikal və ekstremist meyillərin tarixi, təbliğatı, hədəf kütlələri və fəsadları barədə tədbir iştirakçılarını maarifləndirərək, bu kimi neqativliklərdən qorunmaq naminə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs ediblər. Onlar insan və cəmiyyətin davamlı inkişafının, rəqabətəqabil şəxsiyyətin yetişdirilməsinin, dini radikalizmə və ekstremizmə qarşı mübarizə apara bilən vətəndaşın formalaşdırılmasının təhsillə, təlim-tərbiyə işinə son dərəcə ciddi elmi yanaşmalarla bağlılığını vurğulayıblar. Bu baxımdan dini radikalizmə və ekstremizmə qarşı mübarizədə təhsilin böyük rolu olduğunu bildiriblər.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.