Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsi şəhidi Binnətov Ruslan Rafiq oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib

22 avqust 2022 | 15:50
     Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, 21 yaşı tamam olan Vətən Müharibəsi şəhidi Binnətov Ruslan Rafiq oğlunun doğum günü ilə bağlı Göygöl rayonunun Qırıqlı kənd qəbristanlığındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar.
     Mərasimdə Şəhidin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, qazilər, şəhid ailələri, şəhidin yaxınları, dostları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
    Anım mərasimində çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi  rəşadətli  Ordumuzun qələbəsi ilə başa çatmışdır. Natiq qeyd etmişdir ki, Vətən müharibəsində Göygöl rayon sakinləri də fəal iştirak etmiş və 29 nəfər döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək  şəhidlik  zirvəsinə ucalmışlar.  E. Paşayev Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Binnətov Ruslan Rafiq oğlunun döyüş yolu barədə danışmışdır. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək,  belə qəhrəman övlad böyütdükləri üçün  minnətdarlığını  bildirmiş, Ruslan Binnətov kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir  iştirakçılarının diqqətinə  çatdırmışdır.
     Şəhidin atası Rafiq Binnətov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
     Şəhidimizin doğum günündə Göygöl rayon Qırıqlı kənd tam orta və Haçaqaya kənd ümumi orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
     Xatırladaq ki, Şəhid Binnətov Ruslan Rafiq oğlu 22 avqust 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbinin 1-ci sinfinə qəbul edilib. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirmiş və 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin oktyabr ayından  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edib. Ruslan Binnətov 8 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 10 noyabr 2020-ci il tarixdə Göygöl rayonu, Qırıqlı kənd qəbristanlığında dəfn edilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
     Allah Şəhidimizə rəhmət eləsin.
Keçidlər