Bu gün Vətən Müharibəsi şəhidi Bayramov Samir Elxan oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib
15 avqust 2022 | 16:11
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əslən Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Bayramov Samir Elxan oğlunun doğum günü ilə bağlı Göygöl şəhər Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar.
Tədbirdə şəhidin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hər iki rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyib. Bu gün şəhidlərimiz, qazilərimiz və bütöv Azərbaycan xalqının fədakarlığı sayəsində üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısına, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə həmçinin rayon ictimaiyyətinə Kəlbəcər rayonundan olan şəhidlərin xatirələrini dərin hörmət və ehtiramla yad etdikləri üçün öz minnətdarlığını bildirmişdir. Mərasimdə çıxış edən şəxslər şəhidlərimizin keçdiyi şərəfli ömür yolundan danışıb və onların qanının yerdə qalmadığını bildiriblər. Sonra isə Göygöl şəhər 6 və Kəlbəcər rayon 99 nömrəli tam orta məktəblərin şagirdləri şəhidin əziz xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, Bayramov Samir Elxan oğlu 15 avqust 1996-cı ildə Göygöl rayonun Yeni Zod kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2014-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Samir Bayramov hərbi xidmətdə olduğu müddətdə öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı gizir kimi davam etdirmişdir. Azərbaycan ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir.
Sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 dekabr 2020-ci ildə Göygöl şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir
Şəhidin atası Elxan Bayramov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Allah Şəhidlərimizə rəhmət eləsin.