“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev Göygöl rayonunda vətəndaşları qəbul edib
14 oktyabr 2023 | 11:21
Prezident cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev Göygöl rayonunda vətəndaşları qəbul edib. Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edib.
Qəbuldan əvvəl “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin qazı üzvləri ilə görüşü baş tutub. Görüş zamanı qazilərin qayğıları ilə yaxından tanış olunub.
Növbəti görüş Gəncə Regional qaz istismarı İdarəsində çalışan əməkdaşlarla keçirilib. Nəzarətçi-çilingərlərin iş prosesində qarşılaşdıqları problemlər, səslənən bu və ya digər məsələlər dinlənilib. Daha sonra Gəncə RQİİ-nin müxtəlif Xidmət Sahələrində çalışan əməkdaşlar nümunəvi əmək fəaliyyətlərinə görə Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif olunublar.