“Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda iki günlük seminar keçirilib
22 oktyabr 2022 | 14:16
20-21 oktyabr 2022-ci il tarixlərində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi təşəbbüsü, Göygöl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminarlar keçirilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova tədbiri giriş sözü ilə açaraq Azərbaycan qadınının cəmiyyətdəki rolu və müsəlman qadının gücünün onun elmində, fəaliyyətində, əxlaqında olduğunu bildirib. Sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova mövzu ilə bağlı rayonda görülmüş işlər barədə geniş məlumat verib.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova qadınların cəmiyyətin inkişaf prosesində tam iştirak etməsi üçün təhsilli və savadlı olmasının zəruriliyi, eyni zamanda qızların təhsildən yayınmasının acı nəticələri, İslamda qadının təhsilli olmasına verilən önəm barədə danışıb.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva müasir informasiya kommunikasiya texnologiyalarının inkişafının faydası ilə yanaşı, sosial şəbəkə platformalarından düzgün şəkildə istifadə olunmadıqda ortaya çıxa biləcək təhlükələrə diqqət çəkib.
DQİDK əməkdaşı Aysel Abdullayeva isə seminar iştirakçılarını xurafat və onun törətdiyi fəsadlar barədə seminat iştirakçılarını məlumatlandırıb.
İnteraktiv diskussiyaların aparıldığı seminarların sonunda tədbir iştirakçılarına DQİDK sifarişi əsasında çəkilmiş “Erkən nikah sosial bəladır” adlı video çarx nümayiş etdirilib və mövzu ilə bağlı kitablar təqdim olunub.