Arıçılıqla məşğul olan fermerlərin təsərrüfatlarında monitorinq aparılır.
Göygöl rayonunda arıçılıqla məşğul olan fermerlərin təsərrüfatlarında arı ailələrinə baxış keçirilir. Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı, ana arının mövcudluğu, fermerlərin bəyan etdiyi məlumat əsasında arı pətəklərinin sayı yoxlanılır, bir sıra zəruri tələblərin yerinə yetirilməsi ilə bağlı fermerlərə lazımi tövsiyələr verilir.
Dövlət tərəfindən tətbiq olunan subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı istehsalçılarına verilən bütün subsidiyalar, o cümlədən arıçılara ödənilən subsidiya EKTİS-də (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) vahid sistemdə birləşib. Arıçılar subsidiya almaq üçün öz təsərrüfatları, arı pətəklərinin sayı, bəslədikləri arının cinsi haqda məlumatları bu sistemdə yerləşdirirlər. Arıçıların EKTİS-də 2022-ci subsidiya ili üçün qeydiyyatı aprelin 30-da başa çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilən və subsidiyaların verilməsində vahid mexanizmi tənzimləyən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində subsidiya verilir. Reqlamentə əsasən, arıçı fermerlər EKTİS-də arı ailələrinin (pətəklərinin) qeydiyyatını həyata keçirir və hər il aprel ayının 30-dək həmin ailələrin mövcud vəziyyəti barədə məlumatları EKTİS-də yeniləyir. EKTİS-də mövcudluğu təsdiqlənmiş arı ailələrinin (pətəklərinin) sayına əsasən subsidiya müraciəti (elektron bəyannamə) formalaşır və fermerin kabinetinə göndərilir. May ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən seçmə üsulla monitorinqlər təyin edilir. Monitorinqlər rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən yerində müşahidə üsulu ilə keçirilir.
Müraciətlər DAİM tərəfindən təsdiq edildikdən sonra AKİA subsidiya ödənişini həyata keçirir. Arıçılıq sahəsində subsidiyalar 2018-ci ildən etibarən tətbiq edilməyə başlanıb və 2023-cü ilə qədər davam etdirilməsi nəzərdə tutulub.