Göygöl rayonunda “Novruz” Bayramı münasibətilə ümumrayon şənliyi keçirildi
Göygöl rayonunda Azərbaycan xalqının milli bayramı – “Novruz” Bayramı münasibətilə ümumrayon şənliyi keçirildi. Şənlik Şəhər mərkəzi stadionunda təşkil edilmişdir. İcra hakimiyyəti tərəfindən təşkil edilmiş şənlikdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, Milli Məclisin Deputatı cənab Rövşən Rzayev, rayonda fəaliyyət göstərən bütün müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov və Milli Məclisin Deputatı cənab Rövşən Rzayev Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi “Novruz” Bayramı münasibəti ilə təbrik edərək, bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladılar.
Cənab Arif Seyidov bayramın rəmzi olan “Novruz tonqalını” alovlandırdıqdan sonra, qonaqlarla birgə hər bir kollektivə yaxınlaşaraq bayram münasibəti ilə təşkil olunmuş süfrələrlə tanış oldular və onlara bir daha öz xoş arzularını çatdırdılar. Eyni zamanda rayon idmançılarının nümunəvi çıxışlarına da tamaşa olundu.
“Novruz” bayramının əsas personaları olan Kosa, Keçəl və Bahar Qızı atlıların müşayiəti ilə faytonda şəhərin küçələrini dövr edərək meydançaya daxil oldular və öz duzlu və məzəli çıxışları ilə şənliyə rəngarənglik qatdılar. Dəvət olunmuş pəhləvan və kəndirbazlar isə xüsusi əyləncəli proqramları ilə çıxış etdilər.
Şənlik rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam etdirildi.