Aprel şəhidi Sərxan Bağırovun anım günü ilə əlaqədar tədbir keçirilib.
2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan həmyerlimiz Bağırov Sərxan Azər oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini K.İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri V.İsayev, QƏQİB-nin Göygöl rayon şöbəsinin sədri A.Abbasov, Qarabağ müharibəsi veteranları və qaziləri, şəhidin döyüş yoldaşları, rayon və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbiçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən geniş və ətraflı məlumat veriblər. Aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edib, bu qələbənin xalqımızın ölkə başçısının ətrafında sıx birləşdiyini, ordumuzun Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu sübut etdiyini bildiriblər.
Digər çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, xalq və ordu birliyindən danışıblar.
Daha sonra Əlimədədli kənd ümumi orta məktəb şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.