Vətən müharibəsi əlillərinə və şəhid ailələrinə xüsusi qayğı göstərilir
17 mart 2022-ci il tarixində Vətən Müharibəsi şəhidi Həsənov Vüsal Bayram oğlunun doğum günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Göygöl şəhidlər xiyabanında şəhid Həsənov Vüsal Bayram oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Vətən Müharibəsi qaziləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev Şəhid Vüsal Həsənovun keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışaraq bildirib ki, 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman könüllü şəkildə orduya yollanan Vüsal Həsənov hərbi döyüşlərdə iştirak edərək Şuşa şəhərinə qədər şərəfli bir döyüş yolu keçmişdir. O, 08 noyabr 2020-ci il tarixdə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq atası Birinci Qarabağ müharibəsi şəhidi Bayram Həsənovun uyuduğu Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Şəhid Vüsal Həsənov Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı ərəfəsində bütün şəhid ailələrinə maddi yardım göstərilmişdir.