44 günlük Vətən Müharibəsi şəhidi Elvin Mustafayevin doğum günündə xatirəsinə tikilmiş ehsan bulağının açılış mərasimi keçirilib
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun doğum günü Gəncə Şəhər Şəhidlər Xiyabanındakı məzarı başında qeyd edilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
Daha sonra Şəhid Elvin Mustafayevin adına inşa olunan xatirə bulağının açılışı olub.
Mərasimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev və böyük məsləhətçisi Sadiq Abbaszadə, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Vətən Müharibəsi qaziləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Bulağın açılışında Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev bildirdi ki, Şəhid Elvin Mustafayev keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışıb. Bildirdi ki, 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elvin Mustafayev 02 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin uzun müddətdən sonra Murovdağda tapılan nəşi 2021-ci il iyunun 4-də Gəncə Şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildilib.
Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirildi ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Şəhidin atası Fəxrəddin Mustafayev göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonra isə Şəhidin təhsil aldığı Gəncə şəhər 28 nömrəli tam orta məktəbinin şagirdləri şəhidin əziz xatirəsinə şeirlər səsləndiriblər.