Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26 fevral 2022 | 16:00

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30-u ildönümü ilə bağlı Göygöl Rayon İcra hakimiyyətində toplantı keçirilib. Toplantını giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev Xocalı soyqırımı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində törədilmiş və XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımından 30 il keçir. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Toplantıda çıxış edən digər natiqlər bildiriblər ki, Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozularaq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan 7 min əhalisi olan Xocalı şəhərində törədilmiş genosid aktı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum qalıb. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib, onlardan 76 nəfəri uşaqlar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən 2008-ci ildə start verilmiş “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan Justice for Khojaly informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə oluna bilər.
Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Bu il də XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda ümumxalq yürüşü keçirilib. Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisası aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Keçidlər