20 yanvar - Ümumxalq Hüzn günüdür.
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev, rayonun digər rəhbər şəxsləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Göygöl şəhər Şəhidlər xiyabanına əklil qoyaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.