STEAM möcüzəsi - Dördüncü sənaye inqilabına doğru
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə qalibi " STEAM möcüzəsi Dördüncü sənaye inqilabına doğru " layihəsinin yekun hesabat tədbiri 20 Dekabr tarixində Göygöl Gənclər Evində təşkil edildi.
Layihə robotexnika,dron,3d qələm,3d printer kimi vasitələr həmçinin artırılmış və virtual reallıq proqramları və mobil tətbiqlərdən istifadə qaydalarını öyrənən müdavimlərin təcrübi biliklər qazanmasını və onlarda problem həll etmə bacarıqlarının inkişaf etdirilməsini,STEAM bilikli şagirdlərimizin gələcəkdə xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yeni texnologiyalarla ayaqlaşmağı bacaran, psixoloji və mənəvi bütövlüyə sahib, yenilikçi və təşəbbüskar şəxsiyyətləri kimi formalaşmaqla ölkəmizin inkişafına yeni yeni töhfələr verməsi hədəflənmişdir.
Ümumilikdə layihə təlimlərinə Göygöl rayon ümumtəhsil müəssisələrinin 10 məktəbindən 20 müəllim və 40 şagird iştirakçı qatılmışdır.
15 sentyabr-15 dekabr 2021-ci il tarixlərində keçirilən layihənin İcra Planına uyğun olaraq şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edildi.Yekun hesabatın rəsmi hissəsindən əvvəl dəvət edilən qonaqlar şagirdlərin təqdim etdiyi sərgi ilə tanış oldular.
Yekun hesabat Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin sükutu ilə başlandı.Layihənin rəhbəri,Göygöl Texniki,Təbiət Fənləri Təmayüllü liseyin direktoru Zəhra Zeynalova tədbiri giriş sözü ilə açaraq layihə çərçivəsindən görülən işlər barədə ətraflı məlumat verdi. Müsabiqəyə dəstək olduqları üçün Təhsil Nazirliyinə,Göygöl Təhsil Şöbəsinə,layihənin ərsəyə gəlməsində əməkdaşlıq edən Göygöl şəhər 3,4,5 nömrəli və Göygöl rayon Topalhəsənli,Köşkü,Firuzabad, Dozular,Xəqani,Gəncə qəsəbə və Zurnabad kənd tam orta məktəblərinin rəhbərlərinə, müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi.
Tədbirdə Göygöl RTŞ-nin müdir əvəzi Semur Əsgərov,Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə,layihə eksperti Çaylı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, 3-cü və 4-cü qrant layihələrinin qalibi Səltənət Qurbanova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etdi, layihə ilə bağlı fikirlərini söylədilər.
Çıxışlardan sonra layihədə iştirak edən müəllimlərə, layihə eksperti və təlimçilərə sertifikatlar təqdim edildi.