Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

11 fevral 2015 | 16:00

11 fevral 2015-ci il tarixdə  Göygöl şəhər Mədəniyyət mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların rayon təşkilatlarının, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, mətbuat işçiləri, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  məsul işçisi cənab Rüfət Əliyev iştirak etdilər. 
Yığıncaqda “Göygöl rayonunda 2014-cü ildə sosial-iqtisadi sahədə görülən işlərin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Göygöl rayonuna daim diqqət və qayğı göstərmiş, bunun təzahürü olaraq 2014-cü ilin yanvar ayının 21-də 3-cü dəfə rayona tarixi səfər etmiş, Göygöl şəhərinə çəkilmiş su kəmərini, yeni tikilmiş Olimpiya İdman Kompleksini, Heydər Əliyev Mərkəzini açmış, Dövlət Bayrağı Meydanı, Bayraq Muzeyi, Gənclər Mərkəzi və Heydər Əliyev parkı ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, rayonun gələcək inkişafı üçün dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.      
2014-cü ildə Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi  olaraq   son   11   ildə   rayonun   iqtisadiyyatı dinamik inkişaf etmiş, 46 xidmət, 167 istehsal, 1 emal obyektləri istifadəyə verilmişdir.
Ümumi məhsul istehsalı 9,3 dəfə, sənaye məhsulu istehsalı 12,0 dəfə, kənd təsərrüfatı istehsalı 4,1 dəfə, pərakəndə ticarətin dövriyyəsi 9,4 dəfə artmış, 6034-ü daimi olmaqla 9322, o cümlədən 2014-cü ildə 599-u daimi olmaqla 762 iş yeri açılmışdır. 
2014-cü ildə rayon üzrə orta aylıq əmək haqqı 26 manat artaraq 247 manata çatmış, adambaşına düşən pul gəliri 2652 manat təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ayırdığı vəsait hesabına 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 15,1 km uzunluğunda Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu kəndlərarası avtomobil yolunun yenidən qurulmasına başlanılmış,  Böyük Vətən Müharibəsində həlak olunanların Xatirə Kompleksi əsaslı təmir olunmuş, 1480 m2 qranit piltələr döşənmişdir. Kompleksin ətrafındakı parkda təmir-bərpa və yenidənqurma işlərinə başlanılaraq 3 ədəd fəvvarə quraşdırılmış, 1050 metr dekorativ hasar tikilmiş, 8000  m2 tamet döşənmiş, 1400 ədəd müxtəlif cins bəzək ağacları əkilmişdir.
Göygöl şəhərinin 13 küçəsinə 54993 m2, küçələrin səkilərinə 19830 m2 asfalt örtük salınmış, 2662 p/m səki daşları və 4592 p/m su ötürücü beton arxlar düzülmüş, 53 küçəyə çınqıl örtük tökülmüşdür.
10 iyun 2014-cü il tarixdə rayon ərazisinə düşən iri həcmli dolu nəticəsində Şəhriyar, Zurnabad, Yeni Zod, Mixaylovka, Çaykənd, Toğanalı, Qarabulaq, Quşçu kəndlərində 869 fərdi yaşayış evlərinin və bir neçə sosial obyektlərin dam örtüyünə dəymiş ziyan  aradan qaldırılmışdır.
Göygöl şəhərində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 13 fərdi yaşayış evi təmir olunmuşdur. 
“Azərbaycan Respublikası regionlarının sosial – iqtisadi inkişafı  Dövlət Proqramı”nın icrası ilə bağlı Şəhriyar kəndində 180 şagird yerlik, Bəhrəmbağ və Üçbulaq kəndlərində 80 şagird yerlik məktəb binaları tikilmişdir.
Göygöl şəhərində 100 yerlik, Yeni Qızılca kəndində 50 yerlik uşaq bağçaları üçün binanın, Uşaq yaradıcılıq və Texniki yaradıcılıq mərkəzlərində əlavə otaqların tikintisi, 4 saylı “Sevinc” uşaq bağçasının əsaslı təmiri başa çatdırılmış, hazırda ətraflarında abadlıq işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı 2014-cü ildə 1652 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına, buğda əkininə, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 768,3 min manat yardım verilmişdir.  Nəticədə 42 milyon 393,6 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Hesabat dövründə əvvəlki illə müqayisədə süd istehsalı 319,5 ton, ət 104,3 ton, yun 2,9 ton, yumurta 21 min ədəd artıb. Eyni zamanda keçən il əhalinin qaz, su enerji təchizatlarında heç bir problemin olmadığı diqqətə çatdırıldı və bu istiqamətdə aparılan işlərin cari ildə də davam etdiriləcəyi vurğulandı.
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi cənab Rüfət çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük layihələrin  həyata keçirildiyini, ölkə iqtisadiyyatının dinamik inkişafının  təmin olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırdı,  2014-cü il ərzində Göygöl rayonunda  geniş miqyaslı işlərin görüldüyünü qeyd etdi.  
Hesabat yığıncağı tənqid və özünütənqid şəraitində keçdi, sonda qarşıda duran vəzifələri əhatə edən qərar qəbul edildi, rayonun  ictimai-siyasi və mədəni həyatında və rayonda aparılan abadlıq-quruculuq işlərində fərqlənən bir qrup rayon sakininə fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.

Keçidlər