9 noyabr – Bayraq Günü münasibəti ilə Göygöl Dövlət Rəmzləri Muzeyində tədbir keçirilib
10 noyabr 2024 | 15:50
Göygöl Rayon İcra Hakimiyyətinin və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, İHBA-nın və Təhsil sektorunun əməkdaşları, Göygöl şəhər 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Təbir Dövlət Himni ilə açıq elan olunaraq, şagirdlərin muzeyə ekskursiyası təşkil olunub. Sonra tədbir iştirakçılarına Azərbaycanın Dövlət Atributları və 9 noyabr - Bayraq Gününün təsis olunması barədə geniş və ətraflı məlumat verilib. Bildirilib ki, hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir. Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusu verdi. Son olaraq Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan bayrağı bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Möhtəşəm Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq.
Sonra şagirdlərin vətənpərvər mövzuda çıxışları dinlənilib. Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilib.