Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Abdıyev Elmin Arif oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı qazimiziin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmış, sığorta ödənişinin verilməsində köməklik göstərilmişdir. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müraciət etmiş və toplaması üçün müvafiq sənədlərin siyahısı verilmişdir.
Xatırladaq ki, Abdıyev Elmin Arif oğlu 13 iyul 1995-ci il tarixdə Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuşdur. 2001-ci ildə Göygöl rayon S.Hüseynov adına Mollacəlilli kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cı ilin iyul ayından 2015-ci ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Qazi Abdıyev Elmin Arif oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 31 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə partlayış travması, qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol bazu, sol ayağın qəlpə yarası və sol ayağın dəlib keçən qəlpə yarası almışdır. III qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Elmin Abdıyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən“Hərbi ximətlərə görə” medalı və Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən müvafiq olaraq “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Subaydır.