Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Əliyev Vasif Afis oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı qazinin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müraciət etmiş və toplaması üçün müvafiq sənədlərin siyahısı verilmişdir.
Xatırladaq ki, Əliyev Vasif Afis oğlu 28 aprel 1985-ci il tarixdə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 1991-ci ildə Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2002-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2003-2017-ci illərdə Gəncə Dövlət Universitetində ali təhsil almışdır. 2007-2010-cu il tarixlərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2010-cu ildə həmin məktəbdə təhsilini başa vurmuşdur. 2017-ci ildə yenidən ordu sıralarına qayıtmış və “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətini davam etdirmişdir.
Qazi Əliyev Vasif Afis oğlu 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə qatılmış və Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 05 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə partlayış travması, sağ gözün penetron yaralanması və sol əlin yumşaq toxumalarının kor qəlpə yarası almışdır. II qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Vasif Əliyev Azərbaycan Respublıikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı və Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.