Göygöl rayonunda fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzi işini günün tələbləri səviyəsində qurub.
Ölkəmizdə digər sahələrdə aparılan islahatlarla yanaşı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən aqrar islahatlar öz bəhrəsini verməkdədir. Hazırkı dövrdə heyvandarlığın daha sürətlə inkişaf etdirilməsində, yeni məhsuldar cinslərin yetişdirilməsində, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında və qısırlığın aradan qaldırılmasında süni mayalanmanın çox böyük əhəmiyyəti vardır.
Göygöl rayonunda fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir. Binanın birinci mərtəbəsində nümayiş zalı yaradılıb. Hazırda mərkəzdə 16 baş törədici heyvan var. Onlardan 15 qaramal, biri isə camış cinsidir. Mərkəzin iş prinsipinə uyğun olaraq, genetik materiallar istehsal olunan sahə ilə inzibati hissə bir-biri ilə təcrid edilib. Nümayiş zalı elə qurulub ki, pəncərədən laboratoriya və istehsal sahəsində gedən prosesləri izləmək mümkündür. Nümayiş zalında Mərkəzdə saxlanılan törədici heyvanlar barədə kataloq məlumatları da vardır.
Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib. Burada temperatur və havada azotun miqdarının təyini avtomatik idarə olunur. Laboratoriya bölməsinin bir hissəsində genetik materialın satış mərkəzi yerləşir. Kompleksdə azot çəni və azot təchizatı şəbəkəsi qurulub. Regionlardakı süni mayalanma məntəqələrinə azot xüsusi avtomobillərlə daşınır. Binanın ikinci mərtəbəsində isə təlim mərkəzi və təlimdə iştirak edənlər üçün yataqxana, mətbəx, camaşırxana və 60 nəfərlik toplantı zalı yerləşir.
Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam surətdə avtomatik idarə olunur. Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 metr olan avtomatlaşdırılmış qurğu quraşdırılıb. Burada baytarlıq klinikası da inşa olunub.
Kompleksin yem anbarı və yemhazırlama sahəsində Almaniya istehsalı olan paylayıcı qurğu quraşdırılıb. Xüsusi proqramla təchiz edilən bu qurğu yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir. Burada müxtəlif növ yemlər hazırlanaraq qarışdırıcıya, oradan isə yempaylayıcı qurğuya verilir.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var.
Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq proqramı çərçivəsində süni mayalanma mütəxəssiləri üçün təşkil edilən təlimlər cari ilin aprel ayında sona çatıb. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) koordinasiyası ilə FAO tərəfindən həyata keçirilən “Azərbaycanda iribuynuzlu damazlıq heyvanlarının cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutan 5 təlim sessiyasında 60 mütəxəssisə FAO-nun yerli və beynəlxalq ekspertləri tərəfindən təlim keçirilib, təlimi uğurla keçən şəxslər sertifikat və müvafiq avadanlıqlarla təmin olunublar. Layihə həmçinin Respublika Süni Mayalanma Mərkəzinin bu sahədəki maddi-texniki bazasının gücləndirilməsi məqsədi daşıyır.
Təlim kursunu uğurla başa vurmuş mütəxəssislərin bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulur. Ölkədə süni mayalanma üzrə mütəxəssislərinin sayının artırılması ölkədə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlığın inkişafına, ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, aqrar sahədə məşğulluğun artırılmasında da mühüm rol oynayacaq.