Göygöldə Silahlı Qüvvələr Günü qeyd edilib.
26 İyun Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü münasibəti ilə Göygöl rayon Mədəniyyət və istirahət parkında tədbir keçirilib. Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Silahlı Qüvvələr Günü bu il xüsusi qürur hissi ilə keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəsmiləri, Şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və qaziləri iştirak edib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Ən müasir texnika və avadanlıqla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.
2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində, 2018-ci ildə Naxçıvanda, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək gedən 44 günlük müharibə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın işğaldan azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Zəfər Paradı keçirilib. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir.
Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hərbi qulluqçular Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə daim əhatə olunur. Dövlətimizin başçısının Fərmanına əsasən bu şəxslər orden və medallarla təltif olunmuşlar. Tədbir zamanı Göygöl Şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına medal və ordenləri təqdim olunub.