Rayonda iri heyvandarlıq komplekslərinin tikintisi zəruridir.
Respublikada heyvandarlıq sahəsinin dayanıqlı inkişafına nail olmaq məqsədilə bir sıra həlli vacib olan tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə ən mühüm problemlərdən biri, heyvandarlıq və quşçuluq sahələrində fəaliyyət göstərən sahibkar təsərrüfatlarının damazlıq materialla təmin olunmasıdır. Bu sirr deyil ki, hal-hazırda Respublikada istehsal olunan heyvandarlıq və quşçuluq məhsullarının, çox böyük bir hissəsi, xaricdən idxal olunan damazlıq materialın, cins inəklərin, quş krosslarının və damazlıq yumurtaların hesabına həyata keçirilir. Daha doğrusu respublikada, bu sahədə istehsal prosesi hələ də idxaldan asılı vəziyyətdədir.
Göstərilən problemin həlli istiqamətində cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü və mühüm tədbirlər görülməkdədir. Problemin həlli istiqamətində cənab Prezidentin “Heyvandarlıq məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinə dair Dövlət Proqramı”nın qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. Proqramda heyvandarlığın intensivləşdirilməsi, maldarlıq və qoyunçuluq sahələri üzrə yeni, müasir tipli komplekslərin tikilməsi, hər iki sahənin intensiv inkişafının təmin olunması, respublikada damazlıq quşçuluğun inkişaf etdirilməsi və möhkəm yem ethtiyatlarının yaradılması istiqamətində çox mühüm və əməli tədbirlərin görülməsi üçün tapşırıqlar öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, bu tapşırıqların yerinə yetirilməsində, Respublikada heyvandarlıq sahəsində yeganə elmi müəssisə olan, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun üzərinə böyük məsuliyyət düşür. İnstitutun əməkdaşları bu məsuliyyəti düzgün dəyərləndirərək öz işlərini günün tələbi əsasında qurmağa çalışırlar və problemin həlli istiqamətində fəaliyyət göstərməkdədirlər.
2018-ci ildə, cins inəklərin saxlanması məqsədilə, institutun Yardımçı Təcrübə Təsərrüfatının ərazisində tutumu 100 baş olan maldarlıq kompleksinin layihəsi işlənərək hazırlanmış və tikilməsinə başlanmışdır. Hal-hazırda ərazidə tikinti işləri davam etməkdədir. Kompleksin tikilməsi respublikanın qərb bölgəsində əhalinin təzə süd məhsulları ilə təminatında böyük rol oynamaqla, südlük heyvandarlıq sahəsində elmi tədqiqat işlərinin genişləndirilməsində və səmərəliliyinin artırılmasında da mühüm əhəmiyyət kəsb edir. Belə bir kompleksin tikilib işə salınması ilə yanaşı, heç şübhəsiz ki, əlavə süd emalı müəssisəsinin tikilməsinə də ehtiyac yaranacaqdır. Bu isə süd istehsalı sahəsində dəyər zəncirinin bilavasitə inkişafına təsir göstərəcəkdir.
Nəzərə almaq lazımdır ki, Respublikada naxırın cins tərkibinin yaxşılaşdırılması, heyvanların damazlıq və məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi bir problem kimi qalmaqdadır. Bu istiqamətdə cənab Prezidentin tapşırığına əsasən mühüm işlər görülür, belə ki, xaricdən yüksək məhsuldar damazlıq heyvanlar gətirilir və sahibkarlara lizinq yolu ilə paylanır. Lakin, qeyd etmək lazımdır ki, bu heç də problemin köklü həlli ola bilməz. Çünki, bu məqsədlə küllü miqdarda dövlət vəsaiti sərf olunur, həmçinin idxal olunan mallarla müxtəlif xəstəlik törədiciləri də ölkəyə daxil olur, nəticədə epizootik durum pisləşir.
Qeyd etmək lazımdır ki, Respublikada iri maldarlıq, qoyunçuluq və quşçuluq komplekslərinin tikilməsi və mövcud heyvanların həmin komplekslərdə yerləşdirilməsi günün aktual problemlərindən biridir, daha doğrusu heyvandarlığın tam intensiv saxlanma və bəslənmə sisteminə keçirilməsi zərurətdir. Bununla yanaşı bu zaman bir məsələni də diqqətdən qaçırmaq olmaz ki, quşçuluq sahəsi istisna olmaqla digər sahələrin, iribuynuzlu qaramalın və qoyunların, hal-hazırkı vəziyyətdə, tam iri komplekslərdə saxlanması nə dərəcədə iqtisadi cəhətdən sərfəlidir.
Bununla belə hesablamalarla sübut olunur ki, respublika əhalisini təzə südlə tam etmək üçün 600-700 min baş yüksək məhsuldar inəklərin saxlanması kifayət edir. Demək problemin kökündən həll olunması üçün, xaricdən məhsuldar qaramalın idxal edilməsi ilə yanaşı, həm də mövcud inək naxırının damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bununla belə bu işlərin nəticəsini gözləmədən iri heyvandarlıq komplekslərinin tikilməsi davam etdirilməli və tez bir zamanda heyvandarlığın intensiv saxlanma sisteminə keçirilməsi işi gecikdirilməməlidir. Bunu əhalinin ərzaq məhsullarına olan ehtiyacı tələb edir. Deməli bu sahədə geniş elmi tədqiqat işləri də aparılaraq qısa müddətdə respublikada bu sahədə olan boşluqları aradan qaldıraraq qoyulan vəsaiti tez bir zamanda geri qaytarmaq mümkün olacaq.
Qeyd etmək lazımdır ki, iri buynuzlu qaramalın intensiv saxlanma sisteminə keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür və bu iş müvəffəqiyyətlə davam etdirilməkdədir. Bu tədbirlərdən biri də ölkədə “Damazlıq ocağı”nın yaradılmasının zəruriliyidir. Belə bir qurumun Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində yaradılması daha məqsədəmüvafiq olardı, belə ki, bunun üçün institutun həm ərazi, həm də elmi potensialı kifayət qədər mövcuddur. Bu problemin müsbət həlli məqsədilə ərazidə 100 başlıq kompleksin tikilməsi bu problemin həllində mühüm əhəmiyyət kəsb edə bilər.
Qeyd etmək lazımdır ki, İnstitutun nəzdində “Damazlıq ocağı”nın yaradılması respublikada fəaliyyət göstərən və heyvandarlıq sahəsində çalışan sahibkarların damazlıq materialla təmin olunması, onların fəaliyyətinin əlaqələndirilməsi və müəyyən metodiki göstərişlərin hazırlanması üçün də əhəmiyyət kəsb edir.
Göstərmək lazımdır ki, adı çəkilən mərkəzin yaradılması, gələcəkdə dünya miqyasında fəaliyyət göstərən damazlıq mərkəzləri ilə sıx əlaqələrin yaradılmasında, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsində və ölkəmizdə tətbiq olunmasında müsbət nəticə verə bilər.
Gələcəkdə bu fermanın istifadəyə təhvil verilməsi Respublikamızda “Damazlıq ocağı” yaradaraq belə mərkəzlərlə elmi əlaqələrin qurulması, heyvanlar arasında dərin damazlıq işinin təşkilinə və nəticədə heyvanların damazlıq və məhsuldarlıq keyfiyyətlərinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərməklə Ölkə fermerlərini yerli damazlıq məhsulları ilə təmin olunacaqdır.