Göygöl rayonunda “Hər şey qələbə üçün” adlı kitabın təqdimatı keçirildi
Göygöl rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yeni dərc olunmuş “Hər şey qələbə üçün” adlı kitabın, “Dövlət rəmzlərinin gənc çağırışçılar arasında təbliği” və “Ordudan təxris olunmuş gəncin məlumat kitabı”nın təqdimat mərasimi keçirildi. Tədbir iştirakçıları tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoydular.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ordudan təxris olunmuş gənclər və mətbuat işçiləri iştirak etdilər.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov çıxış edərək qeyd etdi ki, bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin böyük inam hissi ilə dediyi “Hər şey qələbə üçün” şüarı altında bir nəfər kimi birləşməli, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalıyıq.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik Mayıl Şahverdiyev çıxış edərək qeyd etdi ki, bu gün təqdimatını keçirdiyimiz bu kitablarda Ümummilli liderimiz Heydər Əliyevin Silahlı Qüvvələr, gənclərin orduya hazırlanması və hərbi vətənpərvərlik tərbiyəsi işinin müasir mərhələdə nə qədər vacib olduğu barədə müdrik kəlamları dərc olunub. Bu kitablarda Ulu Öndərin gənclərin tərbiyəsində müstəsna xidmətləri olan müharibə veteranlarına diqqət və qayğısının şahidi olacaq, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu müqəddəs ənənələri necə uğurla davam etdirməsini bir daha görəcəyik.
Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov və şəhər 1 saylı tam orta məktəbin hərbi rəhbəri Nazim Cahangirov çıxış edərək, Göygöl rayon gənclərin milli vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlər barədə geniş məlumat verdilər.
Sonda idarə rəhbərlərinə və ordudan təxris olunmuş gənclərə kitabların təqdim olunma mərasimi keçirildi.