Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən şəhid Əmiraslanov Elgün Sərvan oğlunun həyat yoldaşı Əmiraslanova Bənövşə Əzim qızı xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı şəhid ailəsinin maddi-məişəy problemi, uşaqlarının sağlamlıq vəziyyəti öyrənilmiş, onunla qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlar haqqında maarifləndirici söhbət aparılmışdır. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə etdiyi müraciətin müsbət həlli olaraq gələcəkdə mənzillə təmin olunması üçün mənzil növbəsinə alınması haqda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ona təqdim edilmişdir.
Xatırladaq ki, şəhid Əmiraslanov Elgün Sərvan oğlu 25 aprel 1995-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2016-cı ildən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elgün Əmiraslanov 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir, 2 övladı var.