Göygöl rayonunda çağırışçılar mütəşəkkil şəkildə hərbi xidmətə yola salındılar
Göygöl Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin təşkilatçılığı ilə Göygöl rayonu üzrə vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Qanunvericilikdə nəzərdə tutulmuş Silahlı Birləşmələrinə, habelə Xüsusi Birləşmələrə Həqiqi Hərbi Xidmətə yola salınma mərasimi keçirildi. İlk növbədə çağırışçılar Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Sonra isə çağırışçılar tibbi müayinədən keçirildilər.
Çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, valideynlər və mətbuat işçiləri iştirak etdilər.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov çıxış edərək çağırışçıları hərbi xidmətə çağırış münasibəti ilə təbrik etdi və bu şərəfli yolda onlara xoş arzularını çatdırdı. Eyni zamanda hörmətli Başçı qeyd etdi ki, Vətənin gücü onun yenilməz ordusundadır. Azərbaycan ordusunun əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi rəisi polkovnik-leytenant Mayıl Şahverdiyev çıxış edərək hərbi xidmətə yola düşən bütün çağırışçıları və onların valideynlərini təbrik edərək, çağırışçılara doğma vətənimizin müdafiəsi kimi bu şərəfli yolda uğurlar dilədi və vətəndaşların həqiqi hərbi xidmətə yola salınması böyük ruh yüksəkliyi ilə həyata keçirildiyini qeyd etdi.
Tədbirdə çıxış edən digər natiqlər də çağırışçılara öz xoş arzularını çatdırdılar. Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı.