Göygöldə fermerlərin üzləşdikləri suvarma problemləri aradan qaldırılır
Göygöl rayon Haçaqaya kəndinin su probleminin aradan qaldırılması üçün Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni suartezian quyusu qazılır, həmçinin Göygöl və Gəncə ərazisindən keçən Xanarxın torpaq hissəsi beton üzlüyə alınır. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcralarının təmizlənməsi işləri də davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, digər şəhər və rayonlarda olduğu kimi, Gəncə və Göygöldə də əhalinin və fermerlərin suvarma sahələrində çətinliklərinin yaranmaması istiqamətində lazımi işlər görülür. Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən hazırda Gəncəçayın sahilində bənd və çayın məcrasının təmizlənilməsi işləri aparılır.
Ötən il kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə kanalların su limitləri təsdiq edilib, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün bütün işlər görülüb. Göygöl rayonu ərazisində 12626 hektar suvarılan sahələrdə kənd təsərrüfatı bitkilərinin Suvarma Sistemləri İdarəsi tərəfindən suvarılması təmin edilib. Xanlar, Qızılca, Nadel, Mollaosman, Bəhrəmbəy arxlarının dəhnələri möhkəmləndirilib. Hazırda isə qədim arx olan Xanarx kanalının Üçtəpə ərazisindən keçən hissəsində kanalın torpaq hissəsi beton üzlüyə alınır.
Bu işlərlə yanaşı, uzun illər sudan çətinlik çəkən Göygöl rayonunun Haçaqaya kənd sakinlərinin su probleminin aradan qaldırılması istiqamətində də işlərə başlanılıb. Kənd əhalisi əkin sahələrini bu günə qədər su maşınları ilə daşınan su ilə təmin edirdilərsə, yaxın zamanlarda kənddə yeni qazılan subartezian quyusunun işə salınması ilə bu problem öz həllini tapacaq. Bu subartezian quyusu ötən il dövlət başçısının sərəncamı əsasında qazılır. Bundan başqa, rayon ərazisində daha 9 ədəd yeni subartezian quyusu fermerlərin istifadəsinə verilib.
Qeyd edək ki, hazırda Gəncə şəhəri və Göygöl rayonunda olan 285 ədəd subartezian quyusu ilə 4880 hektar ərazi suvarılır. Haçaqaya ərazisindəki subartezian isə 20 hektar ərəzinin suvarılmasını təmin edəcək. 2020-ci ildə rayon əhalisinin əkin sahələrini suvarma suyu ilə təmin etmək, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına zəmin yaratmaq məqsədilə 242 subartezian quyusunda cari təmir, 5 subartezian quyusunda isə əsaslı təmir işləri aparılaraq bərpa edilib.
Sudan əziyyət çəkən kənd sakinləri də səbirsizliklə yeni qazılmış suabartezianın istifadəyə veriləcəyi günü gözlədiyini bildirirlər. Ümüd edirlər ki, 75 ailənin yaşadığı kəndin su problemi tezliklə öz həllini tapacaq.
İdarə tərəfindən su itkisinin qarşısının alınması, fermerlərin öz əkin sahələrinin vaxtı vaxtında suvarması üçün arxların təmizlənməsi, təmir-bərpası işləri də görülür. Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxların və kanalların dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilib. Arxlarda və kanalların 26 min kvadratmetrlik hissəsi kol-koslardan təmizlənib. Boru kəmərində 4 kilometr uzunluğunda cari təmir işləri aparılıb, beton kanallarda isə 6 kilometrədək hissədə təmir işləri görülüb. Bundan başqa, Xanlar arxında, Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri təmir edilib. Bütün bunlar əkin sahələrinin tam suvarılmasına şərait yaradır ki, bu da fermerlərin işinə müsbət təsir göstərir.
Onu da bildirək ki, Göygöl rayonunda suvarılan sahələrdə 2020-ci il ərzində 2872 hektar taxıl bitkiləri, 3718,5 hektar yem bitkiləri və qarğıdalı, 1356 hektar bostan tərəvəz bitkiləri, 2513 hektar çoxillik bitkilər, 854.5 hektar şəkər çuğunduru və günəbaxan, 4061 hektar həyətyanı sahələrin suvarılması təmin olunub. Rayonda olan 10 nasos stansiyasında avadanlıqlar təmir edilib. Bu nasos stansiyaları ilə 1000 hektar ərazi suvarılır. Əsas su mənbələri isə Gəncəçay, Kürəkçay, Qoşqarçay və Şəmkir su anbarıdır. 1953-cü ildə Gəncəçayın üzərində inşa edilmiş, çayı sağ və sol qollara ayıraraq Xanarxı kanalını və Ərəbli kanalını suyla təmin edən platinada isə mütəmadi olaraq təmizlik və təmir-bərpa işləri görülür.
Dozular kəndində isə uzun müddət yararsız hala düşmüş kanal əsaslı şəkildə yenidən təmir olunub. Kanalda su itkisinin qarşısını almaq və əhalinin suvarma suyuna olan tələbatını maksimum dərəcədə ödəmək üçün kanalın 2 kilometrlik hissəsi polietilen boru ilə əvəz olunub