Xocalı soyqırımından 29 il keçir.
XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən, xalqımızın yaddaşında dərin izlər buraxmış Xocalı soyqırımından 29 il keçir. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan 7 min əhalisi olan Xocalı şəhərinə hücum edərək, genosid aktı həyata keçirmiş və bir gecənin içində şəhəri yerlə yeksan etmişdir.
Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər dinc sakin girov götürülmüşdür. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Faciə nəticəsində 1000 nəfərə yaxın Xocalı sakini müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ömrünün qürub çağını yaşayan qocalar olub. Şəhidlərin 56 nəfəri diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların bədəni süngü ilə deşik-deşik edilmişdir. Erməni vandalizmin iç üzünü açan bu təcavüz nəticəsində səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
İlk dəfə Xocalı soyqırımına hüquqi-siyasi qiymət 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində verilmiş və 26 fevral - “Xocalı soyqırımı günü” elan edilmişdir.
Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətinin nəticəsində, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliamkimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.
2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” Beynəlxalq təbliğat-təşviqat kompaniyası təsis edilmişdir.
Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımına aid 6 ölkədə 9-dan çox abidələr ucaldılıb. Xocalı soyqırımına aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunsa da, 2008-ci il fevralın 26-da həmin abidənin yerinə təzə "Ana Harayı" adlı abidə ucaldılmışdır. 2011-ci ildə abidənin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulmuşdur.
Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq.
Allah şəhidlərimizə rəhmət eləsin!