Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl şəhərində alman muzeyi yaradılır

17 sentyabr 2014 | 15:00

17 sentyabr 2014-cü il tarixlərdə Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında “Viktor Klaynın evinin Cənubi Qafqazda Alman muzeyi kimi qorunub saxlanılması” mövzusunda konfrans keçirildi. Konfransın işində Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı cənab Rövşən Rzayev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini cənab Nazim Səmədov,  Almaniya Federativ Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfirinin müavini cənab Volfgang Mössinger, Bonn Universitetinin professoru xanım Yeva Maria Aux,   “Cənubi Qafqazda Yerli Özünüidarəetmə” Proqramının qrup rəhbəri xanım Katarina Lampe, rayon ziyalıları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov Konfransda çıxış edərək rayonun mərkəzi olan Göygöl şəhərinin yaranma tarixi barədə geniş məlumat verərək qeyd etdi ki, Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Vürtemberq krallığından gəlmiş almanlar tərəfindən qoyularaq Helenendorf adlandırılmışdır. İlk dəfə Helenendorfda alman memarlığı üslubunda 400-dən artıq evlər tikilərək 6 küçə salınmışdır. Azərbaycan xalqı bu torpaqlara pənah gətirmiş almanlarla uzun illər mehribanlıq, dostluq və anlaşma içində yaşamışdır.
Almanlar 1941-ci ildə Orta Asiya və Sibirə deportasiya edilsələr də, onların fəaliyyəti, bu bölgənin inkişafında qoyduqları izlər Azərbaycan xalqı tərəfindən unudulmayıb və razılıq hissi ilə xatırlanır. Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici dövlətlərlə sıx dostluq əlaqələri yaratmaq istiqamətində addımlar atmışdır.  1996-cı ildə Ümummilli liderimiz Heydər Əliyevin Almaniyaya ilk rəsmi səfərindən sonra iki ölkənin münasibətləri yüksələn xətt üzrə inkişaf etmişdir. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın dünyaya inteqrasiyası, ölkəmizin xarici tərəfdaşları ilə işbirliyinin möhkəmləndirilməsi üçün məqsədyönlü addımlar atır. Bu sahədə Almaniya ilə sıx əlaqələr xüsusi yer tutur və Almaniya Azərbaycanın Avropadakı yaxın dostu və tərəfdaşıdır. Keçmiş Helenendorf, bugünkü Göygöl şəhəri də iki ölkə və xalq arasında dostluğun tarixi təcəssümüdür.
Konfransda çıxış edən digər natiqlər də vaxtı ilə bu bölgədə yaşamış alman xalqının həyat tərzi barədə ətraflı məlumat verdilər və Göygöl şəhərində yaşamış sonuncu alman olan Viktor Klaynın evinin muzey kimi qorunub saxlanılması üçün Konsepsiya sənədinin hazırlanmasının vacib olduğunu bildirdilər.  
Tədbirin davamı olaraq Almaniyanın Azərbaycandakı Səfirliyinin xətti ilə Almaniyadan gəlmiş musiqiçilər “Lüteran” alman kilsəsində konsert proqramı ilə çıxış etdilər.

Keçidlər