Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə rəhbəri Şuşa şəhərinə səfər edib.

18 yanvar 2021 | 16:00

Cənab Prezident 2010-cu ilin noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Həmin gün Prezident cənab İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Dövlətimizin başçısı Şuşa şəhərində hərbçilərlə görüş zamanı bildirib ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib. Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır.
1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal edilib. Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsi, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılması Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin günahıdır. Səriştəsiz kadrlardan formalaşmış AXC hakmiyyəti talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb.
Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu Öndər Azərbaycanda milli şüurun yüksəldilməsi üçün ardıcıl addımlar atmışdır. 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi. Ulu Öndərinbu uzaqgörən siyasəti nəticəsindəDağlıq Qarabağda milli tərkibazərbaycanlıların xeyrinə xeyli dəyişmişdi. Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər.1982-ci ildə Heydər Əliyevi Bakıdan Moskvaya təyin etməsəydilər, burada separatizmin baş qaldırmasına imkan verməzdi.
Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı Şuşaya getmişdir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın ziyarət etdikləri obyektlərin hamısı-Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.
Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb. Güllələnmiş büstlər erməni vandalizminin şahidləridir. 1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev də orada idi: 39 il sonra o, yenidən Şuşaya qayıtdı. Prezident 39  il əvvəlki səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçərək Ulu Öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə yetirdiyini, siyasi irsə sahib çıxıdğını göstərir. Cənab Prezident bildirb ki, 39 ildən sonra Şuşaya düşmənin belini qıran müzəffər, qalib Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!
Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər Azərbaycanın səbri ilə oynamasın, 44 günlük müharibə onların yadından çıxmasın. Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar.
Ermənistan vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş  islamofob ölkədir, məscidləri, dini abidələri, məscidlərin minarələrini dağıdıb, viranə qoyub, müqəddəs məbədləri təhqir edib, donuz saxlayıb,  üzərində təhqiramiz ifadələr yazdırıb. Müsəlman dini abidələrini təhqir edən Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz.
Adətən, bir ölkənin tarixində yeni dövr, yeni mərhələ yarada bilmiş liderlərin ardıcılları haqqında “onun yetişdirdiyi xalq” ifadəsi işlənir. Milli Lider İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq.
Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Azərbaycanın davası haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət  güc, iradə, siyasət, birlik hesabına zəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər