Göygöl rayonunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı qeyd edildi
Göygöl rayonunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, ona hörmət və ehtiramlarını ifadə etdilər.
Sonra tədbir İcra Hakimiyyətinin akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyavi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkılatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq Respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23-iyun Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü elan olunub.
Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkminləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş, dünya təcrübəsindəki müasir inkişaf tendensiyalarının nəzərə alınması ilə ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmişdir.
Tədbirin sonunda dövlətçilik prinsiplərinə sadiq qaldıqlarına görə bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı təqdim edildi.