Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 28 May – Respublika günü münasibəti ilə elmi-praktiki konfrans keçirildi

27 may 2014 | 15:00

Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96 il dönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfransda Göyögl Rayon İcra Hakimiyyəti başçısı aparatı, hüquq-mühafizə  orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Elmi-praktik konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif  Seyidov 28 May – Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu qeyd etdi. Cənab başçı bildirdi ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur. 
Belə ki, xalqımızın müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında tətbiq etməyin ilk təcrübəsi idi. Müsəlman Şərqində ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Lakin, beynəlxalq aləmdə yaranmış gərginlik, eləcə də Azərbaycan Demokratik Respublikasının Şimalında yaranmış təhlükə nəticəsində Demokratik Respublika uzun müddət fəaliyyət göstərə bilməmişdir. Cəmi 23 ay yaşadıqdan sonra 1920-ci ilin aprel ayının 28 – də Sovet Rusiyası tərəfindən süquta uğramışdır.  
Azərbaycan Xalq Cümhuriyyəti təkcə suveren respublika qurmaq, milli siyasət və mədəniyyət təsisatlarını ərsəyə gətirmək təcrübəsini yaratmadı, həm də ən çətin tarixi zamanda yenilməz mənəviyyatın gücünü göstərmək, dövlətçilik əxlaqının müqəddəs dəyərini qorumaq ənənəsini yaratdı. Ümummilli lider Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Cümhuriyyət tariximizə istiqlaliyyətimizin sübhü kimi yüksək dəyər vermişdir. İftixarla qeyd etməliyik ki, Cümhuriyyətlə təməli qoyulan suveren və demokratik respublika quruculuğu ənənəsi Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi illərində, həm müstəqil dövlətimizin başçısı olduğu ən yaxın tariximizdə, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən bəri yeritdiyi böyük inkişaf siyasətinin uğur qazanan hər mərhələsində davam etdirilmişdir. 
Bu gün Müstəqil  Azərbaycan Respublikası beynəlxalq aləmdə suveren və demokratik dövlət kimi daha da möhkəm yerini tuta bilmiş, regionun lider dövlətinə çevrilmişdir.
       Konfransda çıxış edən digər natiqlər də Azərbaycan Xalq Cömhuriyyətinin  tarixi, onun görkəmli şəxsiyyətlərinin fəaliyyəti barədə  geniş və ətraflı məlumat verdilər.

Keçidlər