Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında noyabrın 10-da imzalanmış bəyanat Azərbaycan dövlətinin şanlı qələbəsidir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq.
Bu zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Ali Baş Komandanımız İlham Əliyev və şanlı Ordumuzdur!
Xalqımız bu bəyanatın əldə olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksət qiymətləndirir.
Bu bəyanatın böyük tarixi əhəmiyyəti və üstünlükləri var:
- Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı;
- Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır;
- Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir;
- Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi;
-Bəyanat uzun illər davam edən işğala son qoyur;
- Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir;
- Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir;
- İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq;
- Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb);
- Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır;
- Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir;
- Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur;
- Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!