Göygöl Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi
Göygöl Rayon İcra Hakimiyyəti Başçısı yanında geniş tərkibdə Şura iclası keçirildi. Şura iclasında Göygöl rayonun 2014-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığına uyğun olaraq Göygöl rayon əhalisinin tibbi müayinədən keçirilməsinin vəziyyəti, Göygöl rayon Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda keçirilən dərslərin vəziyyəti müzakirə olundu.
Birinci məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov çıxış edərək bildirdi ki, cari ilin aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açmış və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini vermişdir.
Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2014-cü ilin birinci rübündə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Göygöl rayonunun da hərtərəfli inkişafı üçün bir sıra işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırdı. Eyni zamanda qeyd etdi ki, 2014-cü ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Göygöl rayonuna 3-cü dəfə tarixi səfər etmiş, Göygöl şəhərinə çəkilmiş su kəmərini, Olimpiya İdman Kompleksini, Heydər Əliyev Mərkəzini açmış, Dövlət Bayraq Meydanı, Bayraq Muzeyi, Gənclər Mərkəzi və Heydər Əliyev parkı ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, görülmüş işləri yüksək qiymətləndirmiş və bir sıra dəyərli tövsiyələr vermişdir.
Hesabat məruzəsi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini Rauf Nəsirov qeyd etdi ki, 2014-cü ilin birinci rübündə Göygöl rayonunda sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması, mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuş, əsas kapitala qoyulmuş investisiya 39,2 faiz, məhsul və xidmətlərin istehsalının strukturunda sənaye sahəsi 11,0 faiz, kənd təsərrüfatı 22, 9 faiz, tikinti 23,0 faiz, nəqliyyat 3,1 faiz, rabitə 0,5 faiz, ticarət və xidmət 39,5 faiz artmış, rayon üzrə faktiki qiymətlərdə adambaşına düşən ümumi məhsul buraxılışı 474,1 manat təşkil etmişdir. Eyni zamanda nəzərə çatdırıldı ki, rüb ərzində Üçüncü Dövlət Proqramının icrası ilə bağlı 180 şagird yerlik Şəhriyar kənd tam orta, 80 şagird yerlik Üçbulaq kənd ümumi orta məktəb binalarının tikintisi, 4 saylı “Sevinc” uşaq bağçasının əsaslı təmiri davam etdirilmiş, 80 şagird yerlik Bəhrəmbağ kənd ümumi orta məktəb binasının tikintisi başa çatdırılmış, hazırda son tamamlama işləri aparılır. Qızılca kənd folklor evinin və kitabxananın əsaslı təmirinə başlanmışdır.
Göygöl şəhərinin Əziz Əliyev, Bül-bül, İqaf Verdiyev, Qara Qarayev, Mehmandarov, Yusif Məmmədəliyev, 20 yanvar küçələrinə asfalt örtük salınması üçün hazırlıq işləri aparılır.
Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların təsdiq edilmiş cədvəl əsasında elan edilmiş günlərdə və saatlarda qəbul edilməsi müntəzəm təşkil olunaraq 247, o cümlədən icra hakimiyyətinin başçısı tərəfindən 191 vətəndaş qəbulu, 10 səyyar qəbul keçirmişdir. Müraciətlərə qanuna müvafiq qaydada baxılması təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
İkinci məsələ ilə bağlı Göygöl Mərkəzi rayon xəstəxanasının Baş həkimi Hamlet Ömərov çıxış edərək məlumat verdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığına uyğun olaraq Göygöl rayon əhalisinin tibbi müayinədən keçirilməsi mütəşəkkil təşkil olunmuş və uğurla davam etdirilir. Bu günə Göygöl rayonunun 45 yaşayış məntəqəsi üzrə 28279 nəfər tibbi müayinədən keçmiş, onlardan 6507 nəfəri ambulator, 134 nəfəri stasionar müalicəyə qəbul olunmuşlar, 25 nəfəri Bakı şəhərinə müalicəyə göndərilmişlər. 34 yaşayış məntəqəsində tibbi müayinə başa çatdırılmış, 11-də isə işlər davam etdirilir.
Üçüncü məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə İbrahimova məlumat verərək bildirdi ki, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq cari ilin fevral-may ayları ərzində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Göygöl rayon Heydər Əliyev Mərkəzində də rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda xüsusi dərslər tədris olunması təşkil olunmuşdur. Rayonumuzda fəaliyyət göstərən 50 ümumtəhsil məktəblərindən, 39 tam orta məktəbi üzrə 645 nəfər şagirdin dərslərdə iştirakı nəzərdə tutulmuşdur. Hər bir mövzunun tədrisi üçün 2 akademik saat müəyyən edilmişdir. Bu günə 20 məktəbdə hər iki akademik saat üzrə dərslərin tədrisi başa çatdırılıb, 19 məktəbdə isə dərslərin tədrisi davam etdirilir. Həmçinin Göygöl rayonunda fəaliyyət göstərən 8 Kəlbəcər rayon məcburi köçkün məktəbindən 63 nəfər XI sinif şagirdi də dərslərə cəlb olunmuşlar. Cədvəl üzrə dərslərin bu tədris ilinin sonunadək keçirilməsi nəzərdə tutulmuşdur.
Sonda hər üç məsələ ilə bağlı müvafiq qərar qəbul edilərək, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələr verildi.