Prezident atəşkəsin şərtlərini AÇIQLADI
Azərbaycan Prezidenti İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində atəşkəsin şərtlərini açıqlayıb.
Dövlətimizin başçısı atəşkəs üçün əsas şərtin zəmanət olduğunu bildirərək deyib: “Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz 30 ildir ki, gözləyirik, 30 il bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq buna dözə bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar”.