Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

13 fevral 2014 | 16:00

Göygöl şəhər Mədəniyyət evinin akt zalında Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların rayon  təşkilatlarının, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, mətbuat işçiləri, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  məsul işçisi cənab Rüfət Əliyev,  Milli Məclisin deputatı  cənab Rövşən Rzayev iştirak etdilər. 
Yığıncaqda “Göygöl rayonunda 2013-cü ildə sosial-iqtisadi sahədə görülən işlərin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki,  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2013-cü  ildə  1 xidmət, 6 istehsal obyektləri istifadəyə verilmişdir.
Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq son 10 ildə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 27 xidmət, 146 istehsal  obyektləri istifadəyə verilmiş, ümumi məhsul istehsalı 8,5 dəfə, sənaye məhsulu istehsalı 11,6 dəfə, kənd təsərrüfatı istehsalı 4,3 dəfə, pərakəndə ticarətin dövriyyəsi 7,4 dəfə artmışdır.
Rayonda son  on  il ərzində 8725  yeni iş yeri açılmışdır ki, onlardan da  5570-i daimi iş yerləri olmuşdur. 2013-cü ildə isə 1328 yeni iş yeri açılmışdır, onlardan da 502-i daimidir.
2013-cü ildə 56 milyon 733,1 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 50 milyon 853,2 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Əhali tərəfindən müasir standartlara cavab verən ümumi sahəsi 1100 kvm olan 5 ədəd sahibkar obyekt və ümumi sahəsi 15000 kvm olan 96 ədəd fərdi yaşayış evi  inşa edilmişdir.   
Ölkədə avtomobil yolları şəbəkəsinin yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən iri layihələr sırasında qoyulan investisiyalar  hesabına Bakı-Qazax magistral avtomobil yolunun rayon ərazisindən keçən 36 km hissəsində yenidən qurma və bərpa işləri başa çatmışdır. 
Yeni Zod - Çaykənd, Mixaylovka - Göyçəkənd, Quşqara - Nadil kəndarası avtomobil yollarına, Toğanalı, Çaykənd, Yeni Zod, Balçılı kəndlərinin daxili yollarına qum-çınqıl tökülərək təmir olunmuşdur.       
Göygöl şəhərinin 8 küçəsinə, 4 küçənin  bir hissəsinə  asfalt örtük salınmış, 4289 p/m səki daşı düzülmüş və 1755 p/m suötürücü arx tikilmiş, 700 binanın dam örtüyü dəyişdirilərək əsaslı təmir olunmuş, binaların küçə istiqamətindəki fasadlarının bir hissəsinə üzlük piltələr çəkilmiş və qalan hissəsi rənglənmişdir. Küçələrin gecə işıqlandırma sistemi yenidən qurularaq 680 ədəd dayaq basdırılmışdır.    
Göygöl şəhər Mədəniyyət və istirahət parkının ərazisi 3 hektar genişləndirilərək abadlaşdırılmışdır. Mədəniyyət və istirahət parkında müasir memarlıq üslubunda, hərtərəfli şəraiti olan Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, Uşaq əyləncə mərkəzi  tikilmiş, Açıq kinoteatr yenidən qurulmuşdur. 
Ərazisi 6 hektar olan Olimpiya İdman kompleksi, Dövlət Sosial Müdafiə Fondunun və  Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri üçün inzibati binalar, Xaqani kənd tibb məntəqəsi üçün  yeni  bina,  Göygöl şərab zavodunun istehsal sahəsini genişləndirmək üçün spirt zavodu tikilmişdir.
Yeni Zod kənd uşaq bağçası, Ekoloji Tərbiyə və Təcrübəçilik Uşaq Yaradıcılıq,  Texniki Yaradıcılıq  Mərkəzləri, Yeni Qızılca kənd tibb məntəqəsi, Qızılca kənd həkim məntəqəsi, 2 saylı Yeni Zod mədəniyyət evi, Mərkəzi kitabxananın oxu zalı əsaslı, Çaylı kənd həkim məntəqəsi cari  təmir olunmuş,  Göygöl şəhər 1 və 2 saylı uşaq bağçalarında istilik sistemi quraşdırılmışdır. 
Şəhriyar kənd tam orta, Bəhrəmbağ və Üçbulaq kənd ümumi  orta məktəbləri üçün yeni binanın, Göygöl şəhərində 5 ulduzlu otelin  tikintisinə, 4 saylı “Sevinc” uşaq bağçasının əsaslı təmirinə başlanılmış, cari ildə istismara verilməsi nəzərdə tutulmuşdur.   
Hündürlüyü 40 metr olan təpədə Dövlət Bayrağı meydanı kompleksi tikilərək  50 metr hündürlüyündə Bayraq quraşdırılmış, kompleksin əhatə etdiyi 5,5 hektar ərazidə yaşıllıq salınmış, Bayraq muzeyi təşkil olunmuş, gecə işıqlandırma sistemi quraşdırılmışdır. 
Rayonda ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 10 mindən çox  ağac və bəzək kolları əkilmişdir.    
Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı Göygöl şəhərinə 25 km uzunluğunda Kürək çayından yeni magistral su kəməri, 152400 p/m paylayıcı su xətti, 134080  p/m  kanalizasiya xətti çəkilmiş, su təmizləyici qurğu və tutumu 1000m3 olan 6 ədəd su anbarı tikilmiş, 3276 ədəd su sayğacı quraşdırılmışdır. Gücü 5500 m3 olan çirkab su təmizləyici kompleksinin tikintisi və texnoloji avadanlıqlarının quraşdırılması davam etdirilir. Sukanal idarəsi üçün hər tərəfli şəraiti olan inzibati bina tikilmişdir.
Mollacəllli kəndində yeni salınmış yaşayış massivinə 1,5 km su xətti çəkilmiş, Yeni Zod kəndində yeni nasos quraşdırılmışdır.
2013-cü ildə elektrik təsərrüfatında 157,5 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılmış, 160 ədəd müxtəlif güc transformatorları, 8 km yeni  elektrik veriliş xətti çəkilmiş, 123 ədəd elektrik dayaqları yenisi ilə əvəz   olunmuş, 15 ədəd yeni dayaq basdırılaraq Üçbulaq kəndinə çəkilmiş 2,8 km hava xətti meşə zolağından çıxarılmışdır.  
Göygöl  şəhərinin  6 mərkəzi küçəsində 142 km yeraltı kabel xətti çəkilmiş, 297 ədəd   smart - kart  tipli   sayğaclar    quraşdırılmışdır.
Topalhəsənli kəndinə 6222 p\m uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilmiş, 370 ədəd qaz sayğacı quraşdırılaraq kəndin qazlaşdırılması təmin olunmuşdur.
Göygöl şəhərində salınmış yeni yaşayış massivinə 10 min 64 p/m qaz xətti çəkilərək 634 abonentə təbii qaz verilmişdir.
Rayonun təbii qazla təmin edilən yaşayış məntəqələrinin genişlənən hissəsində 727 təsərrüfatı təbii qazla təmin etmək məqsədilə 2236 p/m uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilmişdir. 
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 165 ədəd subartezian quyusu, qapalı boru şəbəkəsinin 1,5 km hissəsi təmir edilmiş, çay məcrasında 261 min kub metr həcmində təmizləmə işləri görülmüş, Topalhəsənli kəndindəki nasos stansiya yenidən qurulmuşdur.
  Balçılı, Üçtəpə, Əlimədədli  kəndlərində və Hacıməlik qəsəbəsində hər birində 1 ədəd olmaqla 4 ədəd subartezian quyusu bərpa edilmiş, Bəhrəmbağ və Xaqani  kəndlərində 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.
2014-cü ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Göygöl rayonuna 3-cü dəfə tarixi səfər etmiş, Göygöl şəhərinə çəkilmiş su kəmərini, Olimpiya İdman Kompleksini, Heydər Əliyev Mərkəzini açmış,  Dövlət Bayraq Meydanı, Bayraq Muzeyi, Gənclər Mərkəzi və Heydər Əliyev parkı ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, görülmüş işlərə yüksək qiymət vermişdir.    
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Rüfət Əliyev  və Milli Məclisin Deputatı cənab Rövşən Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük layihələrin  həyata keçirildiyini, ölkə iqtisadiyyatının dinamik inkişafının  təmin olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırdılar,  2013-cü il ərzində Göygöl rayonunda  geniş miqyaslı işlərin görüldüyünü qeyd etdilər.  
Hesabat yığıncağı tənqid və özünütənqid şəraitində keçdi, sonda qarşıda duran vəzifələri əhatə edən qərar qəbul edildi.

Keçidlər