Ölkədə hərbi vəziyyətin elan olunması milli birliyə çağırışdır.
Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır. Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir.
Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.
Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.
Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.