Göygöldə yüksək bal toplamış abituriyentlərlə görüş keçirilib.
2019-2020-ci tədris ilində ali məktəbə qəbul olmaq üçün imtahanlarda iştirak edərək yüksək bal toplamış abituriyentlərlə Göygöl rayon İHB-nın səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev görüş keçirib. Tədbir pandemiya qaydalarına uyğun açıq səma altında baş tutub.
Görüşdə rayon rəhbəri uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara doğma vətənimizin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcəkdə yüksək nailiyyətlər arzulayıb. O bildirib ki, təhsil hər bir ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Bu gün Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir.
Abituriyentlər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər. Sonda rayon icra hakimiyyətinin hədiyyələri tələbə gənclərə təqdim edilib, xatirə şəkli çəkilib.