YAP İcra Katibliyində ““Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib. Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında 1994-cü ilin 20 sentyabrında imazalanmış “Əsrin müqaviləsi”nin xüsusi yeri var: “Müasir tariximizin ən önəmli hadisələrini sadalamalı olsaq, onların sırasında Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə möhtəşəm qayıdışını və bu qayıdışın bilavasitə nəticəsi kimi qiymətləndirilməli olan bu neft sazişinin imzalanmasını qeyd etmək yerinə düşər. Çünki Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmamışdan əvvəl də neft sazişi imazalamaq cəhdləri olmuşdu, amma bu cəhdlər nəticə verməmişdi. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik yox idi, Azərbaycan müharibə vəziyyətində idi, həmçinin ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı kənardan təhdid və təzyiqlər də var idi”-deyən, YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail oldu. Onun sözlərinə görə, müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan dünyanın enerji mərkəzinə çevrildi. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə qlobal enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı.
Baş nazirin müavini qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub: “Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında gedən siyasi proseslər müəyyən səbəblərdən başa çatmamışdı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də daxil idi. Qeyd etdiyim kimi, o zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi”.
YAP Sədrinin müavini söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə neft strategiyası uğurla davam edir və artıq 26 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir: “Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu ehtiyatlar hesabına iqtisadiyatının inkişaf etdirilməsi, insanların rifah halının yaxılaşması, ölkədə infrastrukturun yeniləşməsidir”. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Əli Əhmədov deyib ki, neftdən gələn gəlirlər xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayan Baş nazirin müavini neft strategiyasının bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəyini diqqətə çatdırıb.
Videokonfransda geniş məruzə ilə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, 26 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı. Bu, öz mahiyyətinə görə müstəqillik tariximizin ən mühüm hadisələrindən idi. Nazirin sözlərinə görə, bu gün Azərbaycanın dünyada tutduğu yer 26 il əvvəlkindən çox fərqlənir: “Azərbaycan müstəqillik yollarında ilk kövrək addımlarını atan, zəif, qeyri-sabit, sosial-iqtisadi həyatı tənəzzülə məruz qalmış bir ölkədən bu gün regionun liderinə, qlobal enerji-kommunikasiya layihələrinin müəllifinə, beynəlxalq aləmdə yüksək nüfuza malik davamlı inkişaf edən bir dövlətə çevrilib. Ölkəmizi bu səviyyəyə yüksəltmiş nailiyyətlərin təməlində isə məhz “Əsrin müqaviləsi” durur. 1991-ci ildə müstəqilliyin əldə edilməsi Azərbaycanın artıq öz taleyinə sahib olmasının rəsmi təsdiqi idisə, “Əsrin müqaviləsi” də bunun əməli sübutu idi. Bununla xalqımız neçə onilliklərdən sonra artıq öz halal sərvətlərinin sahibinə çevrildiyini və bu sərvətdən xoşbəxt gələcəyi üçün ən səmərəli şəkildə faydalanmaq əzmini, bacarığını ortaya qoydu. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, yüksək nüfuzu və uzaqgörənliyi sayəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana Xəzər dənizinin karbohidrogen ehtiyatlarının beynəlxalq əməkdaşlıq əsasında uzunmüddətli işlənməsini, nəhəng neft-qaz şirkətlərinin qabaqcıl təcrübəsindən, yeni texnologiya və investisiyalarından istifadəni təmin etdi”.
P.Şahbazov qeyd edib ki, enerji layihələri Azərbaycanı etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevirdi. “Əsrin müqaviləsi”nin töhfəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə regionda enerji marşrutlarının şaxələndirilməsi ideyasını da məhz Azərbaycan reallaşdırdı. Daha sonra “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin çəkilməsi, ardınca Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi də bu istiqamətin davamı oldu. Enerji marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanda necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıqlarında öz təsdiqini tapdı.
Nazirin sözlərinə görə, “Əsrin müqaviləsi”nin bütün bu davam edən uğurları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü enerji siyasətinin, bu siyasətin icrasında Azərbaycan neftçilərinin fədakar əməyinin, eyni zamanda beynəlxalq neft şirkətləri ilə səmərəli əməkdaşlığımızın, etibarlı tərəfdaşlığımızın töhfələridir. Beləliklə, ötən bu 26 il ərzində xarici tərəfdaşlarla birgə işimizin bəhrələri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində üç il əvvəl “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı Sazişin müddətinin 2050-ci ilədək uzadılması ilə bu müqavilə, əslində, “İki əsrin müqaviləsi” statusu qazanmış oldu.
Hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslərin cərəyan etdiyini deyən P.Şahbazovun sözlərinə görə, bəşəriyyəti yeni çağırışlarla üzləşdirən koronavirus pandemiyası mövcud geosiyasi nizamda və dünyanın enerji mənzərəsində ciddi dəyişikliklərə əsas verir: “Azərbaycanın öz inkişafında yeni səviyyəyə yüksəlməsi həm də enerji siyasətini müasir tələblərə uyğunlaşdırması, yeni geosiyasi reallıqlar, iqtisadi, enerji və ekoloji təhlükəsizlik çağırışları şəraitində enerji mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamasından asılı olacaq. Bu bağlılıqda “Əsrin müqaviləsi” və onun yol açdığı konkret layihələr vasitəsilə ölkəmizin milli təhlükəsizliyini qlobal təhlükəsizlik formulları ilə əlaqələndirən kursun mühüm rol oynayacağı gözləniləndir. İstismara veriləndən bu ilin sentyabrına kimi Azəri-Çıraq-Günəşli yataqlarından 516 milyon ton neft hasil olunmuş, Azərbaycan bu yataqlardan dünya bazarına 305 milyon ton neft ixrac etmiş, SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilmiş və ümumilikdə layihə hesabına145,8 milyard dollar gəlir əldə edilmişdir. Yataqların 2050-ci ilədək işlənilməsi, yeni layihələrə başlanması növbəti 30 ildə bizə bu uğurları davam etdirmək imkanı verəcək. Azəri-Çıraq-Günəşli yataqlarının ölkənin əsas gəlir mənbəyi olduğunu və neft-qaz sektorunun gələcək illərdə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını nəzərə aldıqda apstrim əməliyyatlarında davamlılıq strateji əhəmiyyət daşıyır. Neftə qlobal tələbatın azalması, aşağı qiymətlər şəraitində və enerji tranformasiyası dövründə bir çox beynəlxalq enerji şirkətlərinin neft-qaz layihələrindən geri çəkildiyi, bərpa olunan enerjiyə üstünlük verən strategiyalar qəbul etdiyi vaxtda belə bir müqavilənin mövcudluğu kifayət qədər etibarlı təminatdır.
Videokonfransda həmçinin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır.
Qeyd olunub ki, 26 il öncə “Əsrin müqaviləsi”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəldib. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib.
O da vurğulanıb ki, Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Respublikamızda sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda, özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasət həyata keçirir.