Göygöl rayonunun Toğana kəndində qazlaşma işləri tamamlanmaq üzrədir
Cari ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrindən biri də Göygöl rayonunun Toğana kəndidir. Bu kənddə bir neçə aydır ki, işlərə start verilib.
“Azəriqaz” İB-dən bildirilib ki, planlaşdırılan işlərin böyük hissəsi icra edilib. 388 fərdi yaşayış evinə qaz çəkilişi aparılır ki, bunlardan da artıq 345-də sayğacların quraşdırılması başa çatdırılıb. Ümumi uzunluğu 21 min 200 metr olan küçə qaz xətlərinin çəkilməsi işləri tamamlanıb. Uzunluğu 9700 metr olan daxili qaz xətlərinin isə 8625 metri çəkilib. Bundan başqa 1 ədəd “ŞQTM-700” markalı tənzimləyici quraşdırılıb. Bununla da Göygöl rayonunda qazlaşma səviyyəsi 94,6 faizə yüksələcəkdir.
Bu zonanın yay və qış turizmi üçün əhəmiyyətini nəzərə alaraq “Azəriqaz” İB qazlaşma işlərinin tez bir zamanda yekunlaşdırılmasını və tezliklə qaz təchizatının təmin edilməsini planlaşdırır.