Şriftin ölçüsü :

Saytın rəngi :

Su bol olanda, məhsul da bol olur

20 avqust 2020 | 16:00

Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.
Yay aylarında rayonda su problemi olsa da, kollektiv onun öhdəsindən layiqincə gəlir. Bunun da əsas səbəblərindən biri köhnə arx və kanalların vaxtında lildən təmizlənməsi oldu. Su qıtlığı nəzərə alınaraq arxların və kanalların dəhnələri şit və digər vasitələrlə möhkəmləndirildi. Maşın və mexanizmlərin gücü ilə 221 min kubmetr sahədə təmizləmə işləri görüldü, sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqar çaylarının məcralarında təmizlik işləri aparıldı. Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxları və kanallarının, dəhnələri beton bloklarla möhkəmləndirildi. Bundan başqa, 114 min kubmetr həcmində çay məcrasında tənzimləmə işləri görüldü. 20 ədəd hidrotexniki qurğu, 14 ədəd hidropost cari təmir edildi, arx və kanallarda 14 min kubmetr ərazi kol-kosdan təmizləndi, boru kəmərlərinin 1,5 kilometr uzunluğunda, beton kanalların isə uzunluğu 2,5 kilometrədək olan hissəsində təmir işləri aparıldı. Xanlar və Xan-arxı kanlarında da cari təmir işləri görülərək əkin sahələrinin suvarılması təmin edildi. Yarım ildə idarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız fəaliyyəti təmin edilmişdir. Göygöl rayonu ərazisində 14467 hektar əkin sahələrinin suvarılmasında heç bir problem yaşanmamışdır. Belə ki, yarım ildə 2872 hektar sahədə taxıl, 3082 hektar sahədə yem, 735 hektar sahədə bostan və tərəvəz bitkilərinin, 965 hektar sahədə çoxillik bitkilərin, 150 hektar sahədə şəkər çuğundurunun, 804 hektar sahədə günəbaxanın, eləcə də 2733 hektar həyətyanı sahələrin suvarılması təmin edilmişdir. İdarənin kollektivi əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin edilməsi məqsədilə digər tədbirlər də həyata keçirmişdir. Son bir neçə ildə investisiya vəsaitləri hesabına idarənin balansında olan 10 nasos stansiyasından 9-u yenidən bərpa edilərək müasir avadanlıqlarla təchiz edilmişdir. Yeni subartezian quyuları hesabına suvarılan əkin sahələrinin həcmi xeyli genişlənmişdir. Şəmkirçay dəryaçasının istifadəyə verilməsi isə uzun illər istifadəyə yararsız olan torpaq sahələrinin əkinə yararlı hala salınmasına imkan yaratmışdır. Dəryaçadan ayrılan kanalın Göygöl rayonu ərazisindən keçən hissəsində mövcud olan torpaq sahələri artıq əkinə yararlı vəziyyətə gətirilmişdir ki, bu da həm məhsul istehsalının həcminin artırılmasına, həm də əhalinin məşğulluğunun təminatına müsbət təsir göstərmişdir.
2020-ci ilin birinci yarısında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Ərəbli kanalının Gəncə-Göygöl avtomobil yolunun kəsişdiyi ərazidə mövcud olan hissəsinin beton üzlüklə üzlənməsi başa çatdırılmışdır. Hazırda idarənin kollektivi Xan arxı kanalının Üçtəpə ərazisindən keçən hissəsində mövcud torpaq kanalının beton üzlüklə üzlənməsi işlərini həyata keçirir. Artıq işlərin çox hissəsi görülmüşdür. Bu günlərdə yeni beton kanal istifadəyə veriləcək.

Keçidlər