Göygöl rayonunda “Azərbaycanın sənətkarlıq paytaxtı Göygöl - 2013” layihəsinin yekun tədbiri keçirildi
2013-cü il üzrə "Azərbaycanın Xalq Yaradıcılığı paytaxtları"na mətbuat turlarının təşkili haqqında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin 11 dekabr 2013-cü il tarixli, 588 saylı əmrinə əsasən 21 dekabr 2013-cü il tarixdə Göygöl rayon Mədəniyyət evində “Azərbaycanın sənətkarlıq paytaxtı Göygöl - 2013” layihəsinin yekun tədbiri keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri cənab Fikrət Babayev, 25 nəfər respublikanın aparıcı kütləvi informasiya vasitələrinin üzvlərinin daxil olduğu nümayəndə heyəti və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbirdən əvvəl qonaqların iştirakı ilə Mədəniyyət evinin foyesində təşkil olunmuş rayonun 57-dən çox sənətkarının əl işlərindən ibarət sərgiyə baxış keçirildi, sonra tədbir iştirakçılarına layihənin yekun konsert proqramı təqdim olundu.
Tədbirin davamı olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov İcra Hakimiyyətinin akt zalında respublikanın aparıcı kütləvi informasiya vasitələrinin üzvlərinin daxil olduğu nümayəndə heyəti ilə mətbuat konfransı keçirdi.