Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunun Topalhəsənli kəndinə təbii qaz verildi

28 noyabr 2013 | 16:00

        27 noyabr 2013-cü il tarixdə Topalhəsənli kəndinə çəkilmiş təbi qazın  verilməsi ilə bağlı tədbir keçirildi. Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov,  Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Araz Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdilər.
        Göygöl rayon Qaz İstismar Sahəsinin rəisi  Cavad Məmmədov tədbirdə çıxış edərək qeyd etdi ki,  ölkənin qazlaşdırılması ilə bağlı böyük layihələr həyata keçirilir,  hazırda rayonun 45 yaşayış məntəqəsindən 23-ü təbii qazla təmin edilmişdir. 2013-cü ildə 14 yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.  Topalhəsənli kəndi də həmin kəndlər sırasındadır və artıq bu kənddə qaz çəkilişi işləri başa çatdırılmışdır. 2 mindən çox əhalisi olan Topalhəsənli kəndində 390 abonentin mənzilinə birtipli sistemlə fərdi tənzimləyici və sayğac qoyulub, 4350 poqometr daşıyıcı və 22613 poqometr paylayıcı xətt çəkilib.
       Kənd sakinləri onlara bu sevinci yaşatdıqlarına görə ilk növbədə ölkə rəhbəri cənab İlham Əliyevə və bu işdə əməyi olan hər bir şəxsə dərin minnətdarlıqlarını bildirdilər.
Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov çıxış edərək qeyd etdi ki, Azərbaycanın bugünkü iqtisadi qüdrətinin təməli Ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində hazırlandığı və uğurla həyata keçirilən möhtəşəm neft strategiyası ilə qoyulmuşdur. Son bir neçə ildə Möhtəşəm Prezidentimiz cənab İlham Əliyev bu strateji sahənin daha da inkişaf etdirilməsi üçün mükəmməl dövlət proqramları imzalayaraq davamlı inkişafa zəmin yaratmışdır. Bu sahənin inkişafı eyni zamanda Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının maddi rifah halını yüksəlməyə yönəltdiyi sosial siyasətinin əsasını təşkil edir.  Yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi prioritet məsələlərdəndir və daim dövlətimizin diqqət mərkəzindədir. Göygöl rayonunda bu siyasət uğurla həyata keçirilir. Gələcəkdə rayonun Gəncə kənd, Zurnabad, Şəhriyar və  Kərəmli kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub.
Tədbirin sonunda açılış rəmzi olan fakel yandırıldı və evlərə təbii qazın verilməsi təmin olundu.

Keçidlər