Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır

20 iyul 2020 | 16:00

O ki qaldı, bu erməni hərbi təxribatının səbəblərinə, əlbəttə ki, bu səbəbləri biz tam dəqiqliklə bilə bilmərik, bunu həyat göstərər. Ancaq bir çox məntiqli ehtimallar mövcuddur və bu haqda mən Azərbaycan vətəndaşları ilə öz fikirlərimi bölüşmək istərdim. Hesab edirəm ki, birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır.
Bu sözləri Prezident cənab  İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl Ermənistanda hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Lakin, bu vədlər iflasa uğrayıb.
Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı.
Çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər.
         Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik.

Keçidlər