YAP Göygöl rayon Gənclər Birliyi tərəfindən “Hər birimiz əsgərik” adlı videokonfrans formatında tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Göygöl rayon Gənclər Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törətdiyi təxribatla bağlı "Hər birimiz əsgərik" adlı videokonfrans formatında tədbir keçirib.
Tədbiri YAP Göygöl rayon Gənclər Birliyinin sədr müavini Vüqar Hüseynov açaraq öncə videkonfrans iştirakçılarını salamlamış və çıxış üçün ilk sözü Milli Məclisin deputatı Elşad Mirbəşir oğluna vermişdir. Millət vəkili çıxışında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin səyləri nəticəsində ölkənin inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, hazırda dünya çox çətin dönəm yaşayır. Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin bəlasına çevrildiyi bir zamanda mənfur düşmən öz işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törətmişdir. Bununla da Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin işğalçının növbəti təxribatı olduğunu göstərmiş oldu. Lakin, reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Fərəhləndirici haldır ki, qısa müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz bölgəsinin ən güclü Silahlı Qüvvəsinə çevrilmişdir. Aprel döyüşləri, eləcə də Naxçıvan zəfəri və Tovuz rayonu istiqamətində sərhəd xəttində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.
Daha sonra videokonfransda çıxış edən YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov Dövlətimizin düşmənin sərhəd bölgələrində və cəbhə xəttində törətdiyi təxribatın qarşısını almağa qadir olduğu kimi, onun niyyətlərini ölkə daxilində həyata keçirmək istəyən qüvvələrin də hərəkətlərinin qarşısını qətiyyətlə almağa qadir olduğunu və bunu edəcəyini bildirdi. Bizim üzərimizə düşən əsas iş isə Dövlətimizin, dövlət başçımızın yanında olduğunu nümayiş etdirməkdir. Gəncləri həmrəyliyə, təmkinli olmağa və təxribatlara uymamağa, əksinə, onları ifşa etməyə, öz bilik, güc və enerjilərindən istifadə edərək sosial şəbəkələrdə düşmənlə mübarizəyə qoşulmağa çağırdı.
Çıxış edənlər YAP Göygöl Rayon Təşkilatının sədr müavini Zəhra Zeynalova, ərazi ilk partiya təşkilat sədrləri Yeganə İskəndərova və Anar Rzayev mənfur düşmənin atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçməsi koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdiyini diqqətə çatdıraraq, Dünya birliyi tərəfindən təcavüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini birmənalı olaraq pisləməli olduğunu vurğulamışlar.
Onlayn konfransda çıxış edən YAP Gənclər Birliyinin fəal gənc üzvləri öz çıxışlarında Yeni Azərbaycan Partiyasının fəal gənci kimi hər an döyüşə hazır olduqlarını, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirməyə, doğulduqları Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq üçün müzəffər bir gənc olduqlarını diqqətə çatdırdılar.