Göygöl rayonunda cari ilin doqquz ayının yekunları müzakirə olunmuşdur.
Müşavirəni Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov giriş sözü ilə açaraq qeyd etdi ki, oktyabr ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmiş, görülən işlər müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı son 9 ayda uğurla inkişaf etmiş, dünyada hələ də davam edən böhran şəraitində əsas makroiqtisadi göstərici olan ümumidaxili məhsul 5,4 % artmış, bu da bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur. İqtisadi sistemin əsas istiqamətlərindən biri olan qeyri-neft sektorunun artımı 10,4 % təşkil etmişdir ki, bu da dünya miqyasında ən yüksək göstəricidir.
2013-cü ilin 9 ayı ərzində Göygöl rayonunda sosial obyektlərin tikintisi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Rayonda 2013-cü ilin 9 ayı ərzində 974 yeni iş yerləri açılmışdır ki, bunun da 353-ü daimidir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 24380,4 min manat artaraq 123462,7 min manata çatmışdır.
Göygöl şəhər Mədəniyyət və istirahət parkının genişləndirilməsi üçün ayrılmış əlavə 3 hektar torpaq sahəsində yenidənqurma işləri aparılmış, Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, Uşaq əyləncə mərkəzi üçün binalar, Olimpiya İdman kompleksi, Göygöl Sukanal idarəsi üçün inzibati bina, Göygöl şərab zavodunun istehsal sahəsini genişləndirmək üçün spirt zavodu və Dövlət Bayrağı meydanı kompleksi tikilmiş, Dövlət Bayrağı meydanı kompleksinin əhatə etdiyi 5,5 hektar ərazidə yaşıllıq salınmış, ətrafı abadlaşdırılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun, Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri, Sukanal idarəsi üçün inzibati binalar tikilmiş, Yeni Zod kənd uşaq bağçası, 2 saylı Yeni Zod kənd mədəniyyət evi, Yeni Qızılca və Qızılca kənd tibb məntəqələri, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi əsaslı təmir olunmuş, Göygöl şəhər 1 və 2 saylı uşaq bağçalarında istilik sistemi quraşdırılmışdır. Uşaq Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzlərinin əsaslı təmiri davam etdirilir.
Göygöl şəhərinin 9,8 km uzunluğunda 7 mərkəzi küçəsi abadlaşdırılaraq asfalt örtük salınmış, 700 binanın dam örtüyü dəyişdirilərək əsaslı təmir olunmuş, küçə istiqamətindəki fasadlarının bir hissəsinə üzlük piltələr çəkilmiş və qalan hissəsi rənglənmiş, səkilər yenidən qurularaq qranitdən səki daşları düzülmüş və piltələr döşənmiş, gecə işıqlandırma sistemi üçün 680 ədəd dayaq quraıdılımışdır.
Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı Göygöl şəhərinə Kürək çayından yeni magistral su kəmərinin çəkilişi başa çatdırılmış, Göygöl şəhərində 134080 p/m kanalizasiya xətti, 151048 p/m su xətti çəkilmiş, su təmizləyici qurğu və 3 ədəd su anbarı tikilmiş, su sayğaclarının quraşdırılması davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Müşavirə işgüzar şəraitdə keçirildi.