Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev faşist ideologiyası yürüdən Ermənistanın təcavüzkar siyasətini və onu himayə edənləri bir daha ifşa etdi

07 iyul 2020 | 16:00

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
E.Əhmədov deyib ki, 2003-cü ildən keçən müddət ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib. Bunun davamı olaraq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir. Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə, məqsədli şəkildə pul dilənir.
İyulun 6-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib ki, Ermənistanın bu təşəbbüsün əleyhinə olmasının əsas səbəbi təcavüzkar ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır. Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürü olmaqla yanaşı, bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Dövlət başçısı qeyd etdi ki, əslində, Ermənistan özünü çox gülünc vəziyyətə qoydu. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi, özü də fərdi qaydada. Baxmayaraq ki, Qoşulmama Hərəkatı bütövlükdə buna dəstək vermişdi, yenə də bütün ölkələr fərdi qaydada ya bizə, ya da ki, BMT-yə məktublarla bu barədə məlumat verdilər. Bir neçə ölkə səssiz qaldı. Yəni, onlar, sadəcə olaraq, buna reaksiya vermədilər. Yeganə ölkə - Ermənistan bunun əleyhinə çıxıb.
Eyni zamanda, Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan müstəqil siyasət aparır və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz, eləcə də müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik, ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev xatırlatdı ki, doqquz il bundan əvvəl, yəni 2011-ci il oktyabrın 24-də ölkəmiz 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. Həqiqətən də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz nümunəsi kimi qəbul edilməlidir. Prezident İlham Əliyev o vaxt Azərbaycandan əvvəl Ermənistanın öz namizədliyini verdiyini bildirdi: “...Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər - yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT-də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik”.
Hazırda Ermənistanda faşizm ideologiyasının üstünlük təşkil etdiyini bildirən Prezident İlham Əliyev bir daha vurğuladı ki, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır və ideologiyanın hədəfində bizik, eləcə də onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi.
Ermənistan daxilində də demokratiyanın, insan haqlarının pozulması hallarının geniş vüsət almasına və Avropa təşkilatlarının bütün bunlara göz yummasına münasibət bildirən dövlət başçısı qeyd etdi ki, bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir və erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir: “Mən bunu şəxsən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda idi. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular”.
Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil və bu ölkədə heç vaxt demokratiya olmayıb, çünki Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməz, eləcə də başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Dövlət başçısı qeyd etdi ki, bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozmasına baxmayaraq, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bunu, lobbiçilik fəaliyyəti kimi deyil, bunu korrupsiya fəaliyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, bu fəaliyyət Avropada geniş araşdırılmalıdır: “…Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar. Çünki o, hər bir güc mərkəzinə o güc mərkəzinin eşitmək istədiyini deyir yalandan. O, bir neçə stulda oturmaq istəyir. Bu günə qədər buna müvəffəq olub. O, saxta tarixi, uydurulmuş, yüz il bundan əvvəl dırnaqarası hadisələri - soyqırımı istismar etmək istəyir. Özündən qurban, yazıq bir xalq düzəltmək istəyir. Halbuki hər kəs yaxşı bilir ki, ermənilər bizə qarşı soyqırımı törətmişlər. Budur, əsas amillər”.
Təcavüzkar Ermənistanın dırnaqarası müstəqillik tarixini rüsvayçılıq tarixi kimi qiymətləndirən dövlət başçısı qeyd etdi ki, müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı ərazi iddiası, törədilmiş Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi faktlarına və bütün Ermənistan rəhbərlərinin hakimiyyətə qanunsuz yollarla gəlməsinə, o cümlədən bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir.
Azərbaycan Prezidenti bildirdi ki, 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxararaq göstərir ki, bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Son iki il ərzində Ermənistanda diktatura rejiminin formalaşdığını bildirən dövlət başçısı vurğuladı ki, xunta getdi, diktatura gəldi: “Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi”.
Beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyətsizliyini ciddi tənqid edən və Ermənistanda baş verən bu hadisələrə heç bir reaksiya vermədiyini bildirən Prezident İlham Əliyev sual etdi ki, haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin.”…Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”.
Hər zaman tutarlı tarixi faktlara və ədalətə əsaslanan dövlət başçısı İlham Əliyev bir daha Münhen Təhlükəsizlik Konfransındakı Kürəkçay sülh müqaviləsi haqqında çıxışını yada salaraq diqqətə çatdırdı ki, sənəddə açıq-aydın göstərilir müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir: “…Mənim çıxışımdan sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. İbrahim xan Qarabağlı və Şuşalı - onun vəzifəsi haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi, yəqin bu tarixi bilmirdilər”.
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun bəyanatlarına münasibət bildirdi və qeyd etdi ki, Azərbaycan dövləti 1992-ci ildən münaqişənin nizama salınması üçün yaradılmış və tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupundan başqa bəyanatlar, konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir: “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər!”
Eyni zamanda, dövlət başçısı qeyd etdi ki, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilmir: “...Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?!”
Azərbaycan Prezidenti İlham Əliyev tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini tənqid edərək bildirdi ki, indiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq: “..Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun”.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan dövləti təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən ATƏT-in Minsk qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir: “..Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Mən bu məsələni dəfələrlə qaldırmışam. Bizim bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir. Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər. Yəqin ki, indi əks etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk qrupu? Verməyib!”.
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfransların heç bir əhəmiyyəti yoxdur və bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Azərbaycan danışıqları imitasiya üçün aparası deyil və biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik, indi onlar bir söz çıxarıblar – substantiv danışıqlar: “...Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən...Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq və ona görə mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

Keçidlər