Gəncə və Göygöl rəsmiləri karantin rejimi ilə bağlı birgə reyd keçiriblər
Gəncə və Göygöldə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün həyata keçirilən maarifləndirmə xarakterli reydlər davam etdirilir. Bu çərçivədə növbəti reyd Gəncənin Hacıkənd qəsəbəsi və Göygölün Toğanalı kəndində fəaliyyət göstərən İctimai iaşə və ticarət obyektlərində aparılıb. Reyd sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə riayət edilməsinin təmin olunması məqsədi daşıyıb.
Reyddə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Gəncə şəhər prokuroru Azad Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Əliyev və Göygöl Rayon Polis Şöbəsinin rəsisi, polis polkovniki Müqalib Abdiyev iştirak edib.
Pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilən reyddə rəsmilər Gəncənin Hacıkənd qəsəbəsi və Göygölün Toğanalı kəndindəki müxtəlif iaşə və ticarət obyektlərinə baş çəkib, sözügedən məkanlarda xüsusi karantin rejimi qaydalarına əməl olunmasını və sanitar-gigiyeniq normaların vəziyyətini araşdırıblar. Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi, sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlərin görüləcəyi bir daha xatırladılıb.
Qeyd edək ki, koronovirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.