Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın Azərbaycandakı Səfiri Göygöl rayonuna səfər etmişdir.

14 oktyabr 2013 | 15:00

13 oktyabr 2013-cü il tarixdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Haydrun Tempel və Almaniya Federativ Respublikasının Xarici işlər Nazirliyinin Mədəniyyət və Kommunikasiyalar şöbəsinin rəhbəri cənab Hans-Ulrix Zayt Göygöl rayonu ilə tanış olmaq məqsədi ilə Göygöl rayonuna səfər etmişlər. Səfər çərçivəsində Səfir xanım Haydrun Tempel və qonaq cənab Hans-Ulrix Zayt Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidovla və Millət vəkili cənab Rövşən Rzayevlə görüşmüşlər. Görüşdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov çıxış edərək rayon haqqında qonaqlara geniş məlumat verdi və qeyd etdi ki, rayonun mərkəzi olan Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gəlmiş alman kolonistləri tərəfindən qoyularaq Helenendorf adlandırılmışdır. İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Hazırda mövcud olan Göygöl Şərab Zavodunun əsas binasını Forer qardaşları tikmiş, orada şərab və  konyak istehsalı ilə məşğul olmuşlar, Helenendorfda istehsal olunan konyak və pivə dünyada tanınaraq bir çox xarici ölkələrə ixrac edilmişdir.
8 avqust 1930-cu ildə mərkəzi Helenendorf olmaqla Nərimanov rayonu təşkil olunmuş, 29 noyabr 1938-ci ildə isə Nərimanov rayonu Xanlar rayonu, mərkəzi Yelenendorf qəsəbəsi isə Xanlar şəhəri adlandırılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 07 may 2008-ci il tarixli 2801 saylı Sərəncamı ilə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar şəhəri Göygöl şəhəri adlandırılmışdır.
Millət vəkili cənab Rövşən Rzayev çıxış edərək qeyd etdi ki,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Azərbaycanın dünyaya inteqrasiyası, ölkəmizin xarici tərəfdaşları ilə işbirliyinin möhkəmləndirilməsi üçün məqsədyönlü addımlar atır. Bu sahədə Almaniya ilə sıx əlaqələr xüsusi yer tutur və Almaniya Azərbaycanın Avropadakı yaxın dostu və tərəfdaşıdır. Keçmiş Helenendorf, bugünkü Göygöl şəhəri də iki ölkə və xalq arasında dostluğun tarixi təcəssümüdür.
         Səfir xanım Haydrun Tempel və qonaq cənab Hans-Ulrix Zayt çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər. Sonra qonaqlar Göygöl şəhərinin Almanlar tərəfindən salınmış küçələri ilə tanış oldular.

Keçidlər