Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası

30 iyun 2020 | 16:00

Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdə olan QH BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının tam hüquqlu üzvüdür. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.  Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcək.
Azərbaycan pandemiya şəraitində də qlobal həmrəyliyə, eləcə də dövlətlər arasında təmasların möhkəmlənməsinə töhfəsini davam etdirir. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır, o zaman tam əminliklə söyləmək olar ki, bu nüfuzlu quruma sədrlik ilk növbədə etimad və ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti nümunəsidir. Ötən il Hərəkata sədrliyi öz üzərimizə götürərkən cənab Prezident bəyan etmişdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Pandemiyanın dünyanı ciddi sınaqlar qarşısında qoyduğu bir vaxtda, qlobal əməkdaşlığa ehtiyac duyulduğu bu həssas məqamda məhz bu zirvə toplantısının təşəbbüskarı qismində çıxış etməklə Azərbaycan növbəti dəfə həmin prinsiplərə sadiqliyini nümayiş etdirdi. Mayın 4-də Qoşulmama Hərəkatının Təmas qrupunda “COVİD-19- a qarşı birləşək” mövzusunda keçirilən zirvə görüşünün təşkili Azərbaycan Prezidentinin dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsü kimi xarakterizə olunur. Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” çağırışı görüş iştirakçıları tərəfindən də yüksək səviyyədə dəstəklənib. Azərbaycanın bu çağırışı və könüllü maliyyə yardımı, sübut etdi ki, ölkəmizin təşəbbüsləri dünyada həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır” söyləməsi isə bu çətin dövrdə qarşılıqlı dəstək çağırışı idi. Təsadüfi deyil ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın tarixində ilkə də imza atıldı – Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Bununla da bütün dövrlərdə olduğu kimi, qlobal pandemiyanın yaratdığı mürəkkəb şəraitdə Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi”. Bu Azərbaycanın növbəti uğuru idi. Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizəni davam etdirmək məqsədilə növbəti zirvə toplantısının keçirilməsi təşəbbüsü dünya xalqlarının sağlamlığı, təhlükəsizliyi üçün narahatçılığının, qayğısının göstəricisidir. Dünyanın 130 olkəsinin bu təşəbbüsə qoşulması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan etimadın və güvənin bariz sübutudur.

 

Keçidlər